“Sol tərəfi keçid üçün boş saxlayın” - metro sərnişinləri bu yazını sanki görmürlər

“Sol tərəfi keçid üçün boş saxlayın” -

Azərbaycanda keçid vərdişləri hələ tam formalaşmayıb. Hərdən metroda harasa tələsirsən, amma gün boyu “Sizdən xahiş olunur ki, eskalatorda hərəkət edərkən üzü hərəkət istiqamətində sağ tərəfdə dayanın. Sol tərəfi keçid üçün boş saxlayın” elanının verilməsinə baxmayaraq, hər iki tərəf insanla dolu olur. Bu azmış kimi metronun “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçid edərkən qarşı-qarşıya gələn insan axınının toqquşması baş verir. Halbuki bir neçə yerdə “sağ tərəflə hərəkət edin”, “sol tərəfi keçid üçün boş saxlayın” elanı asılıb. Sərnişinlər bu yazıları sanki görmürlər. Belə mənzərə həm də şəhərin digər keçid və səkilərdə müşahidə olunur.
“Sol tərəfi keçid üçün boş saxlayın” -

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "Report"a açıqlamasında adi qaydalara riayət etdikdə sərnişin üçün metrodan istifadənin çox rahatlaşdığını bildirib: “Bizim üçün sərnişinin rahatlığı əyəmiyyətlidir. Ən əsas problem isə insanların öz-özünün rahatlığını pozmasıdır: qapı qarşısında dayanmaqla qatara daxil olarkən yaxud düşərkən bir-birlərinə maneə yaradırlar. Metrodakı lövhəciklər şüuraltı olaraq hansı istiqamətdə hərəkət etmək lazım olduğunu vərdişə çevirir. Lakin dəfələrlə “28 May” metro stansiyasından “Cəfər Cabbarlı”ya keçiddə insanların toqquşmasının şahidi olmuşam. Hərəkət prinsipinə əməl etsək, əlbəttə ki, gediş-gəliş daha rahat olar”.
“Sol tərəfi keçid üçün boş saxlayın” -

Psixoloq Gülnar Orucova "Report"a açıqlamasında bəzi insanların sağını-solunu ayırd edə bilməməsini söyləyib: “Adətən, belə hallar dalğın, stress keçirmiş, xüsusilə də obsessiv-kompulsiv pozuntusu olan insanlarda baş verir. Bəzən olur ki, hansı əlimlə yazıram deyə qələmi xatırlayaraq sağ və solu ayırd edirlər. İnsanlar son dövrlərdə daha aqressivdirlər. Özündən başqa kimsəni düşünməz olublar. Ona görə sağ- sol qaydalarına fikir vermirlər. Maarifləndirmənin olmasına baxmayaraq, əməl edən yoxdur. Adi eskalatorda hər gün keçid haqqında elan verilir. Amma indiki gənclərin əksəriyyəti qulaqcıqdan istifadə etdiyinə görə qulaq asan çox azdır. İnsan gərək, ilk növbədə, öz-özünü tərbiyələndirsin”.
“Sol tərəfi keçid üçün boş saxlayın” -
“Sol tərəfi keçid üçün boş saxlayın” -

Təhsil eksperti Kamran Əsədov məktəbyaşlı uşaqların yol hərəkəti qaydalarını öyrənmələrini onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət etdiyini deyir: “Uşaqlar küçə və yollarda bir növ sərbəst olur, təbii onların hərəkətinə nə valideyn, nə də müəllim nəzarət edə bilir. Məktəbdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmasına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. Yol hadisələrində təkcə məlumatsızlıq deyil, məktəblərin yaxınlığında keçidlərin, xüsusi nişanların olmaması da ciddi rol oynayır. Təhsil nazirliyi, Dövlət Yol Polisi İdarəsi məktəblərdə bütün tədris ilini əhatə edən təlimlər keçirməlidirlər. Dünya təhsil təcrübəsinə əsasən deyə bilərəm ki, uşaqlara yol hərəkəti qaydaları, yol nişanları məktəbəqədər təhsil dövündə öyrədilməyə başlanılır. Hətta Finlandiyada 3-4 yaşlı uşaqlar üçün baxçalarda yol hərəkəti qaydaları 6 aylıq təlim olaraq həyata keçrilir. İbtidai sinifdən başlayaraq isə, onlarla bədbəxt hadisələr zamanı davranış qaydaları öyrədilir. Yəni, verilən bilik və bacarılqar nəzəri olaraq deyil, praktiki olaraq verilir. Qardaş Türkiyədə ibtidai sinifdə bütün il boyu yol hərəkəti qaydaları tədris olunur. Təəssüf ki, orta məktəblərimiz şagirdləri həyata hazırlamır. Yol hərəkəti haqqında qaydalar, yol nişanları orta məktəb tədris proqramına daxil edilməlidir. Düzdür, “Həyat bilgisi” fənnində buna bir paraqraf ayrılıb, amma o paraqraf da çox səthi, heç bir əhəmiyyətə malik deyil. Hesab edirəm, orta məktəb proqramına ilkin tibbi yardım, özünümüdafiə, yol hərtəkəti qaydaları kimi mühüm bilik və bacarıqlar daxil edilməlidir”.
“Sol tərəfi keçid üçün boş saxlayın” -

Mövzu ilə bağlı "Report"a açıqlama verən psixoloq Səbinə Bayramova davranış, etiket qaydalarının fərdin böyüyüb boya-başa çatdığı mühitdən irəli gəldiyini bildirib: “İnsanın ilk tərbiyə aldığı yer ailədir. Ailədə davranış qaydalarına riayət olunursa, həmin ailədə böyüyən fərd də o cür formalaşır. Daha sonra məktəb, təhsil aldığı müəssisələr, işlədiyi yer, cəmiyyət, sonda isə insanın öz-özünü tərbiyəsi burada rol oynayır. Metropoliten işçiləri də qeyd edir ki, metro davranış qaydalarının ən çox pozulduğu yerdir. İnsanlar davranış qaydalarını bəzən bilərəkdən, bəzən də bilmədən pozurlar. Qaydaları bilib əməl etməyənlərə belə hal normal gəlir. Onların düşüncəsinə görə hər yerdə istədikləri hərəkəti edə bilərlər. Digərləri isə şəxsi inkişafa meylli olmayan insanlardır ki, necə davranmaq lazım olduğunu öyrənmək istəmirlər. Yollarda işarələrin olmasına, eskalatorda hər gün elanın verilməsinə baxmayaraq məktəb dövründən, ibtidai sinif vaxtından maarifləndirmənin aparılması daha yaxşı olardı”.
Sol və sağın qarışıq salınması dünyada olduqca ciddi məsələ kimi qəbul edilir. Böyük Britaniyanın Belfast Kral Universitetinin müəllimi, həkim-terapevt Cerard Qormlinin apardığı araşdırma maraqlı nəticələri ortaya qoyub. Universitet müəllimlərinin beşdə biri, tələbələrin isə dörddə biri hər dəfə sol tərəfi təyin etməkdə çətinlik çəkiblər. Sağ tərəfin avtomatik müəyyən edilməsi isə demək olar, hamıda problem törədir. Qormlinin fikrincə, sol-sağ məsələsi olduqca çətin neyropsixoloji prosesdir. Qormlinin 240 terapevt tələbə ilə apardığı təcrübə ekstremal vəziyyətdə, əməliyyat otağında səhv etmək faizinin çoxaldığını aşkarlayıb. Diqqət yayındıran faktorlar çox olduğundan həkim istəmədən də səhv edə bilər. 2009-cü ildə Fransalı cərrah 6 il donor böyrəyi gözləmiş qadının xəstə orqanının əvəzinə sağlam böyrəyini kəsib götürüb. Həkim səhvi nəticəsində qadın komaya düşüb. İsveçrəli dispetçerin səhvi Almaniya səmasında Boinq və TU-154 təyyarələrinin toqquşması ilə nəticələnən faciəyə gətirib. Onlarla insan həlak olub. Dünya praktikasında sürücülərin sol-sağı qarışıq salması, tormoz əvəzinə qazı sıxması tez-tez qəza vəziyyəti törədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...