“Bu, reket jurnalistlərə dərs olmalıdır” - Aynur Camalqızı

“Bu, reket jurnalistlərə dərs olmalıdır” -

“Jurnalistlər vətənə xidmət edirlər, bu sahə ilə məşğul olan insanları gözdən salmaq yolverilməzdir”.

Bunu AzNews.az-a açıqlamasında “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı dedi.

O, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun reket fəaliyyətinə görə həbs edilməsini şərh edərək bildirdi ki, reket jurnalistikanın mövcudluğundan hər kəs, xüsusən də jurnalistlər əziyyət çəkir:

“Bu, jurnalistikanın adına utanc gətirən, başımızı aşağı edən bir məsələdir. Çünki reket fəaliyyəti bu sahədə ömrünü verən, böyük fədakarlıqlar edən jurnalistlərin də adına ləkə gətirir. Mən dəfələrlə bir çox yerlərdə şahidi olmuşam ki, bir reket jurnalistə görə, az qala bütün jurnalistləri qaralayıblar. Bu insanları da qınamıram, çünki bir misal var: aşıq gördüyünü çağırar. Yəni bu cür dırnaqarası jurnalistlərin mövcudluğu bizim ümumi işimizə ciddi zərər vurur, fəaliyyətimizi gözdən salır”.

A.Camalqızı qeyd etdi ki, Azərbaycan Mətbuat Şurasının hər zaman belə fəaliyyətlərə qarşı amansız olması sevindirici haldır. Bununla belə, vurğuladı ki, jurnalistika ilə mübarizədə Mətbuat Şurasının bir o qədər də geniş səlahiyyətləri yoxdur:

“Mən özüm də Şurada reket jurnalistika ilə mübarizə komissiyasının üzvüyəm. Reketlər üçün bizim tərəfimizdən ən ağır cəza onları qara siyahıya salmaq idi. Amma bu da problemin həlli demək deyildi. Tutaq ki, biz reket fəaliyyəti olan bir media orqanını qara siyahıya salırıq, sonra məlum olur ki, onların əlində bir yox, bir necə media vasitəsi, saytı var. Beləcə, onlar birinin fəaliyətini dayandırıb, digəri ilə hücuma keçirdilər. İnsanları şantaj etməkdə, qorxutmaqda davam edirdilər. Bu da təbii ki, jurnalistikada cinayət hadisəsidir. Düşünürəm ki, bunlardan biri olan “reallıq.info”nun rəhbəri İkram Rəhimovun həbsi bu baxımdan təqdirəlayiq hadisədir və alqışlanmalıdır. Çünki adam fərqinə varmadan hər kəsi təhqir edirdi, aşağılayırdı, şantaj edirdi. Hətta onun bəzi yazılarında mən özüm də hədəf olmuşdum. Məni "Rusiyanın agenti" adlandırmışdı. Nə qədər absurd və gülməli olsa belə, yenə də bu adam bizim əsəblərimizlə oynayırdı. Bu baxımdan, onun həbs olunması kifayət qədər müsbət haldır. Ən azından, onun yoldaşlarının indən sonra atacaqları addımlarda düşünməli olduqlarını onlara xatırladacaq. Çünki bu işin, bu yolun sonu yoxdur. Bu gün reketçilik fəaliyyətinə görə bir neçə insan həbsdədir, azadlıqdan məhrum olunub. Xüsusi xidmət orqanları tərəfindən reket jurnalistlərə qarşı atılan bügünkü addımlar nəhayət ki, onlara dərs olmalıdır”.

Aynur xanım əlavə etdi ki, jurnalistika başqa sahələrdə uğur qazana bilməyənlərin meydanı ola bilməz. Jurnalistika bizim ömrümüzü qoyduğmuz, çox sevdiyimiz bir sənət sahəsidir. Bu, Vətənə xidmət sahəsidir. Bu gün jurnalistika ilə məşğul olan insanlar həm də vətənə xidmət edirlər, bu, hərbi xidmət kimi bir şeydir. Ona görə də bu sahəni, bu sahə ilə məşğul olan insanları gözdən salmaq yolverilməzdir. Bunu edənlər çox ciddi ictimai qınaqla qarşılanmalıdır. Eyni zamanda, bu insanlar qanun çərçivəsində cəzalandırılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...