Boltonun Türkiyə səfəri: Plan alt-üst oldu...

Boltonun Türkiyə səfəri:

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyə səfəri siyasi fiaskoya uğradı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Boltonun İsraildə Suriyadan çəkilməklə Türkiyənin YPG terror təşkilatını qoruması ilə bağlı bəyanatı Ankaranın hissiyyatına toxunmaqdır:

“Bu açıqlamadan sonra onun Türkiyə səfəri reallaşmamalı idi. Çünki gözlənildiyi kimi danışıqlar baş tutmadı, hətta prezident Ərdoğan onunla görüşdən imtina etdi. Sirr deyil ki, Boltonun Türkiyəyə və şəxsən Ərdoğana qarşı antipatiyası var. Ona görə də səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı aşağılayıcı, təhlükəsizliyini təhdid edən açıqlama verməsi Ankaraya hədə mesajıdır”.

Politoloq vurğulayıb ki, Bolton Türkiyəni danışıqsız tərk etməli oldu:

“Halbuki, Bolton səfərində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə əlaqələri və Ankaranın Fəratın şərqinə planlaşdırdığı əməliyyat müzakirə olunacaqdı. Türkiyənin əsas narahat edən problemi olan YPG-yə ABŞ-ın dəstəyi davam etdiyi üçün Ankara bu danışıqlara ehtiyac duymayıb. Ümumiyyətlə, Bolton İsrail, Türkiyə və ABŞ üçbucağı formalaşdırmağa gəlmişdi. Amma onun YPG-ni qorumaq kimi bəyanatı bu planı alt-üst etdi”.

Politoloq qeyd edib ki, Türkiyənin YPG-yə qarşı planlaşdırdığı hərbi əməliyyat reallaşacaq:

“ABŞ məcbur qalıb, Türkiyənin tələblərini qəbul edəcək. Türkiyəni itirmək, ABŞ-ın Yaxın Şərqdən çıxması deməkdir. Nə İsrail, nə də Səudiyyə Ərəbistanı heç vaxt Türkiyənin siyasi və hərbi yerini tuta bilməz. Ona görə ki, bu iki ölkə Vaşinqtonun protektorluğunda olan ölkələrdir və Ağ Evdən idarə olunurlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...