Daha 2 qəzetdən çap qərarı - Biri bağlandı, digəri isə...

Daha 2 qəzetdən çap qərarı -

KİVDF-nin qəzetlərə qoyduğu tələblər artırılandan sonra daha 2 qəzet çapla bağlı qərar verib.

BakuPost xəbər verir ki, "Unikal" qəzetinin çap versiyası tamamilə dayandırılıb. Bu barədə qəzetin baş redaktoru Asəf Rzayev sosial şəbəkədə məlumat yayıb.

"Şərq” qəzeti isə gündəlik çapını dayandırmaq qərarı verib. BakuPost-un əldə etdiyi məlumata görə, redaksiyanın imkanları daxilində qəzetin çap versiyası həftədə iki dəfə nəşr olunacaq.

Əsas diqqət isə "Şərq” qəzetinin onlayn versiyasının inkişafına yönəldiləcək.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. Bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. İndiyə qədər isə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilərdi. Başqa sözlə, KİV DF qəzetlərə maliyyə ayrımaq üçün tələbləri iki dəfə yüksəldib.

"Şərq” qəzetinin isə yeni tələblərə uyğun KİVDF-nin müsabiqələrində iştirakı mümkün deyil. Məhz buna görə də qəzet KİVDF-nin dünən elan etdiyi yeni müsabiqədə iştirak etməyəcək.

Xatırladaq ki, "Şərq” qəzeti 1996-cı il noyabrın 1-də nəşrə başlayıb. Qəzetin təsisçisi və baş redaktoru Akif Aşırlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...