“Peyğəmbərdən sizə SMS gəlib…” – Sosial şəbəkədə mesajlar yayılır

“Peyğəmbərdən sizə SMS gəlib…” –

Son zamanlar sosial şəbəkələrdə dini məzmunlu mətnlər yayılır və onların paylaşılması istənilir.

Turkustan.info bununla bağlı ekspertlərin fikirlərini öyrənib.

Qeyd edək ki, paylaşılmasının vacib olduğu, əks halda xoşagəlməz hadisələrlə üzləşiləcəyi adıyla qorxudulan həmin mesajlardan birinin qısa məzmunu belədir:

“Beynimdə şiş var idi. Həkimə getdim dedi, çarəsi yoxdu. Mənə 14 günə öləcəyimi bildirdilər. Hər gecə ağlayıb Allaha yalvarırdım. 13-cü gün (ölümümə bir gün qalmış) yuxuda Həzrəti Məhəmmədi yolda gedən gördüm. Mənə bir maye verib bunu iç, sənin dərdinin dərmanı budu dedi. Mən də içdim. İçən kimi içimdə bir rahatlıq olduğunu hiss elədim. Səhər xəstəxanaya getdim. Həkimlər yoxladıqdan sonra şoka düşdülər. Beynimdə heç elə bil şiş olmayıbmış. Həzrəti Məhəmməd bunu 14 nəfərlə paylaş demişdi, ona görə paylaşıram.
“Peyğəmbərdən sizə SMS gəlib…” –

Bu hadisəni birinə danışdım, inanmadı. 5 gün ərzində evi yandı. Varlıya danışdım inanmadı, müflis oldu. Dilənçiyə danışdım, inandı, varlandı.

Əgər bunu paylaşmasan, bəd xəbər eşidəcəksən”.

Maraqlıdır, bu tipli mesajların məqsədi nədir?

İlahiyyatçı Elşad Miri deyir ki, məsələnin dini əsası yoxdur: “Niyə beləsinin yuxusuna girən, peyğəmbər dediyi şəxs ancaq SMS göndərməyi istəyir? Demir ki, qonşuluğunda bir adam acdır, onu doyuzdur, apar 20 nəfərin hərəsinə bir manat ver və ya kiminsə problemi var, onu aradan qaldır?

Belə şeylərdən heç vaxt qorxmaq, buna aldanmaq lazım deyil. Allahın elçisi peyğəmbərin vəhy yolu ilə insanlara çatdırdığı Quran bizdədir, bu da kifayətdir. Allah bizə 6236 ayə – SMS göndərib, onları bir-bir oxumağımız lazımdır ki, orda yazılanlara riayət edək. Yoxsa kiminsə yuxusuna nəyinsə girməsi ilə məsələ həll olunmur…”

İlahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə, bir neçə ildir bu cür mesajlar gəlir: “Əvvəllər telefon və SMS yox idi, kserokopiya sahiblərı xüsusi kağız buraxır, anlaşılmaz tarixi məsələləri yazırdılar. Bunlar misal üçün “bu məktubu filankəs verdi, o gəlib varlandı, filankəs onu almadı, xəstələndi, siz bu məktubu 100 nəfərə paylasanız, 5 gündən sonra xeyirli cavab eşidəcəksiniz” kimi məzmunlu məktublar idi.

Sonradan telefonlar təkmilləşdi, həmin insanların sui-istifadəsi telefonlara keçdi. Votsap, feysbuk və digər sosial şəbəkələr çoxsaylı mesajlaşmadan qazanırlar. Yəni xüsusi bir səviyyə var ki, o səviyyəni ötəndən sonra artıq onların bankda açdığı hesaba pul gəlir. Nə qədər bu cür çox mesaj paylansa, onlar üçün əlavə gəlir deməkdir.

Azərbaycandakı müsəlmanların əksəriyyəti imanlı kəslərdir, çoxunun dini təhsili yoxdur ki, belə şeylərdən baş çıxarsınlar. Ona görə belə mesajlar alan kimi Allaha, dinə olan sevgilərindən bunu paylaşmağa başlayırlar. Beləliklə geniş bir kütləni əhatə olunur”.

İlahiyyatçı bildirib ki, ikinci bir ehtimal da var: “Ola bilər, bunu hansısa qüvvələr xüsusi məqsədlə edirlər. İnsanlarda islama qarşı inamsızlıq yaratmaq istəyirlər. Sən bu mesajı paylaşsan, 3 gün sonra xeyir xəbər eşidəcəksən deyilir və təsadüfən 3 gün sonra bu adamın atası rəhmətə gedir və ya başına hər hanı pis iş gəlir. Beləliklə də bu adamda islama şübhə yaranır.

Bu cür mesajlar alanda mütləq mütəxəssislə, ilahiyyatçı ilə məsləhətləşmək lazımdır ki, bunu paylaşaq, ya yox…”

Psixoloq Aygün Cəfərovanın fikrincə, bu, insanları qorxu ilə idarə etməyə yönəlmiş vasitədir: “Görünür, qorxu, təşviş yaratmaqda bir məqsəd olur. Belə mesajlara zəif xarakterli insanları təsir altın alır.

İnsanlar belə mesajları və ya buna bənzər vasitələri hər hansın bir problemin həlli üçün çıxış yolu hesab edirlər. Əslində problemin həlli özümüzdədir.

Onu da qeyd edim ki, bu mesajlara hamı inanmır. Sağlam düşüncəli, analitik qabiliyyətli adamlar ona əhəmiyyət vermirlər. Əslində hamı belə olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...