Vəfa Quluzadənin xatirəsinə

Vəfa Quluzadənin xatirəsinə

Bu həftə zəngləşdik ki, bir yerdə yaxın dostların əhatəsində oturub şam edək. Bu cür görüşlər son illərin ənənəsi idi. Təşəbbüsçüsü də Vəfa bəy idi. 1999-cu ildə istefa verdikdən sonra yenə də müxtəlif məlumatlarla və fikirlərlə zəngin idi, onları bölüşmək istəyirdi.

Belə görüşlər maraqlı ünsiyyətə, siyasi və ya digər mövzularda debatlara çevrilirdi. Vəfa bəy jurnalistlərə verdiyi müsahibələrdə söyləmədiyi fikirləri söyləyə bilirdi, çünkü özundə də saxlaya bilmirdi.

Lakin budəfəki görüşümüz baş tutmadı. Vəfa bəyin kefi yox idi, ancaq bunu büruzə verməməyə çalışırdı. Son anda görüşməkdən imtina elədi və dedi ki, evdən çıxmağa həvəsi yoxdur.

Ötən gün axşam yaxınları danışırdılar ki, son günlər səhhəti pisləşmişdi və o, halsızlıqdan şikayətlənirdi. Bundan əvvəl isə bizə - ünsiyyətdə olmaq, çay içmək, dincəlmək üçün tez-tez baş çəkdiyi Turan agentliyinin əməkdaşlarına ürəyində ağrıların olduğunu demişdi.

Həmkarlarımız bu bazar ertəsi Vəfa bəyin müayinəsi üçün ən yaxşı klinikaların birinin həkimləri ilə danışmışdılar. Lakin Vəfa bəy fikrini dəyişərək həkimə sonra gedəcəyini dedi. Bu, onun tərzi idi, qərarları dərhal qəbur etmirdi, çox zaman tərəddüd edirdi, işin gedişatı zamanı öz planını dəyişirdi. Hamı bunu bilirdi və təəccüblənmirdi.

Bu səbəbdən mən onu cazmen– improvizasiya sevən, özünü artıq öhdəliklərlə yükləməyən adam adlandırırdım. Bu keyfiyyətlər onu maraqlı həmsöhbətə çevirirdi. O, tez-tez Puşkin, Blok, Yesenin və Vısotskidən sitatlar gətirirdi, yaşının bu çağında belə onları əzbərdən söyləyirdi.

Sovet diplomatiyası məktəbi onun xarakterində dərin iz buraxmışdı. O, bu ənənələri xatırlamağı sevərdi, gənclik illərinin nostalji hisslərini yaşayardı, SSRİ XİN-də çalışdığı dövrdə qadınların rəğbətini qazanmasından danışardı.

Bir “zəif yeri” də lətifələr və real hadisələr idi. Tez-tez ətrafındakılarla bunları bölüşürdü. Bəzi “dəyərli” xatırələri isə pıcıltı ilə danışardı.

Vəfa bəy deyirdi ki, xatirələr kitabı yazmaq istəyir, lakin bir çox “təhlükəli” məqamları açıqlamağın vaxtı hələ çatmayıb. Lakin tale başqa cür hökm verdi, amma o, bir çox əhvalatları danışmağa vaxt tapmışdı..

Allah Rəhmət Еləsin!

Şahin Hacıyev



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...