Nəsli kəsilməkdə olan bitkilərin sayı 500-dən çoxdur

Nəsli kəsilməkdə olan bitkilərin sayı 500-dən çoxdur
“Nəsli kəsilməkdə olan bitkilər əsasən, Azərbaycanın dağlıq və dağətəyi zonasında bitir. Məsələn, Bakı cuzğunu Abşerondan başqa dünyanın heç bir yerində, hətta Azərbaycanın başqa bölgələrində də bitmir. 27 növ bitki var ki, bunlar yalnız Azərbaycana aiddir. Bura itburnu növləri, tülpan, Hirkan şümşadı, Hirkan ənciri, dəmirağac və s. daxildir".

Bu sözləri APA-ya Mərkəzi Nəbatət Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov deyib. Onun sözlərinə görə, Azərbaycanın “Qırmızı Kitab”ında nəsli kəsilməkdə olan 300 bitki növü var: “Müəyyənləşməmiş bir çox bitki var ki, “Qırmızı Kitab”a daxil edilməyib. Bu istiqamətdə işlər aparmaq lazımdır. Nəsli kəsilməkdə olan bitkilərin sayı 500-dən çoxdur. “Qırmızı Kitab” yazılanda nəzərdən kənarda qalanlar, müəyyənləşdirilə bilməyən bitkilər olub. Yəqin ki, ikinci cild yazılanda bunlar nəzərə alınacaq”.

Y. Zeynalov bildirib ki, Azərbaycanda ən yaşlı çinar ağaclarıdır və onların bəzilərinin yaşı 1000 ili ötür: “Dünyada ən çox yaşayan, eyni zamanda Azərbaycanda da ən yaşlı çinar ağacıdır. Bundan başqa, palıd ağacı da uzunömürlü olur. Türkiyədə yaşadığım zaman orada yaşı 5000-nin üzərində olan çinar ağaclarına rast gəldim. Uzunömürlü ağaclar əsasən, Göyçay, Şəki, Zaqatalada bitir. Aran rayonlarında bitən çinar ağacları var ki, yaşları dəqiq təyin olunmasa da, 1500-2000 il olduğu bildirilir”.

Laboratoriya müdiri qeyd edib ki, indiyədək dünyada çox sayda bitkinin nəsli kəsilib: “Buzlaqlaşma zamanı bir çox bitkinin növləri tab gətirməyib məhv olub, amma yeni növlər meydana gəlib. Həmin bitkilərdən bir çoxu Azərbaycanda da olub. Məsələn, ikinci buzlaqlaşma zamanı dəmirağac, dzat, Hirkan şümşadı, Hirkan əncirinin nəsli bir çox yerdə kəsilib. Yalnız Hirkanda qorunub”.

Onun sözlərinə görə, son 3-5 ildə nəsli kəsilməkdə olan bitkilərin çoxaldılaraq təbiətə geri qaytarılması ilə bağlı işlər görülür: “Bəzi ağac və ot bitkilərinin nəsli kəsilir və getdikcə yox olmaq təhlükəsi var. Bu bitkiləri qoruqlarda qorunmaqla yanaşı, Nəbatət bağında da çoxaldaraq təbiətə qaytarmağa çalışırıq".

Y. Zeynalov bildirib ki, bitkilərin nəslinin kəsilməsinin əsas səbəbi iqlim faktorudur. İqlim dəyişdikcə onların yaşaması çətinləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...