DİM builki Prezident təqaüdçüləri haqqında statistik məlumatları açıqlayıb

DİM builki Prezident təqaüdçüləri haqqında statistik məlumatları açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) Prezident təqaüdçüləri haqqında ümumi statistik məlumatları açıqlayıb.

Mərkəzdən bildirilib ki, bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır), 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Ayrıca məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.

Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.

DİM-dən bildirilib ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər: "Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Məlum olduğu kimi, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi.

Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılıb. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb və hazırda 210 manat müəyyən edilib.

Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...