AVRO-2020-yə bilet satışının II mərhələsi başlayıb

AVRO-2020-yə bilet satışının II mərhələsi başlayıb


UEFA AVRO-2020-nin oyunları üçün biletlər bu gündən etibarən satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, bilet satışının II mərhələsinin bu tarixdə başlanması 30 noyabr tarixində keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının bəlli olması ilə əlaqədardır.

Azarkeşlər 4 dekabr saat 17:00-dan - 18 dekabr 17:00-a qədər yalnız www.euro2020.com/tickets saytı vasitəsilə UEFA AVRO-2020 oyunlarına biletlər üçün müraciət edə biləcəklər.

Hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereya qalibləri onlara email bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletlərini əldə edəcəklər. Əgər lotereyada iştirak edənlərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvar ayından etibarən birbaşa satışa çıxarılacaq.

Müraciət edənlər özü də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 70 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Qeyd edək ki, çempionatın baş tutacağı digər 9 şəhərdən fərqli, Bakı, Buxarest və Budapeştin ev sahibliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

UEFA AVRO-2020 rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality linkinə keçid edə bilərsiniz.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...