E-imzalardan ən az sahibkarlar istifadə edir - Statistika

E-imzalardan ən az sahibkarlar istifadə edir -

Milli Sertifikat Mərkəzi tərəfindən təqdim olunan elektron imza sertifikatlarının sayı bu günə qədər 234 min 998-dir. Bu 2011-ci ildən 2020-ci ilə qədər olan dövrü əhatə edir.

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Qarayeva məlumat verib.

Elektron imza sahiblərinin sayı isə dövlət qurumları üzrə 120 min 862, fiziki şəxslər (vətəndaşlar) üzrə 47 min 966, hüquqi şəxslər üzrə 42 min 626, sahibkarlar üzrə 23 min 544-dür.

2011-ci ildən bu günə qədər e-imza vasitəsilə 47,9 milyon əməliyyat həyata keçirilib.

Bu bölgüyə əsasən, elektron imza sahiblərinin 54 faizini dövlət qurumları, 20 faizini fiziki şəxslər (vətəndaşlar), 18 faizini hüquqi şəxslər, 10 faizini sahibkarlar təşkil edir. Yəni, e- imzalardan ən az sahibkarlar istifadə edir.

MHM-nin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsinin sözlərinə görə, ölkədə, bu gün elektronlaşmış bütün xidmətlərdə e-imzalardan istifadə olunur. İstifadə dairəsinə və sferasına gəldikdə isə e-imzalar elektron-hökumət portalında nəzərdə tutulan xidmətlər üzrə istifadə edilir.

Qeyd edək ki, bu gün elektron hökumət portalında xidmətlərin sayı 443-ə çatıb. Dövlət qurumları üzrə təklif edilən xidmətlərin həcmi fərqlidir. Ən çox xidmət təklif edən dövlət qurumu isə Vergilər Xidmətidir ki, burada elektron xidmətlərin sayı 59-dur. Daha sonra göstərilən xidmətlərin sayına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gəlir.

Ruhəngiz Qarayeva vurğulayıb ki, e-imza sahibkarlar üçün vergilərlə bağlı prosesləri, xüsusilə də, bank xidmətlərinin məsafədən həllini asanlaşdırıb.

O əlavə edib ki, 2020-ci il üzrə 10 milyona yaxın əməliyyat aparılıb, onlardan 5 milyonu audentifikasiya üçün nəzərdə tutulub. Yəni, sırf portallara giriş üçün nəzərdə tutulub. Yəni, aparılan əməliyyatların yarısı sırf portallara giriş üçündür.

R.Qarayeva bildirib ki, cari ilin müvafiq dövründə əldə olunan elektron-imza sahibinin sayı dövlət qurumları üzrə 11 min 526, hüquqi şəxslər üçün 9 min 656, sahibkarlar üzrə 4 min 10, vətəndaşlar üçün 5 min 552 nəfərdir. Ümumilikdə, bu müddətdə 30 min 784 elektron-imza sertifikatı təqdim olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...