“Vasif Talıbov nəinki YAP-dan çıxarılmalıdır, başqa cür də cəzalandırılmalıdır” – SENSASİON AÇIQLAMA

“Vasif Talıbov nəinki YAP-dan çıxarılmalıdır, başqa cür də cəzalandırılmalıdır” –
“Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində müxalif siyasi partiya sədrlərinin iştirakını niyə tənqid edirlər, vallah, anlaya bilmirəm. Azərbaycanda normal bir ənənə formalaşır. Dünyanın hər yerində iqtidar partiyası hər hansı tədbir keçirəndə müxalifət partiyalarını dəvət edir. YAP yubileyini qeyd etdi və Azərbaycanda mövcud partiyaları dəvət etdi, bunu qısqanclıq, sensassiya ilə qarşılamaq, “trol”ları işə salmaq, söyüş söymək əxlaqsızlıq, səviyyəsizlik, tərbiyəsizlikdir. İştirak edənlərdən biri Əli İnsanov idi. Bir zamanlar Əli İnsanovu qucaqlayıb öpənlər, bir yerdə olanlar indi niyə onun əleyhinə danışırlar? Əli İnsanov ziyalı adamdır. YAP-ın 30 illiyindəki çıxışında da, ondan əvvəl də bildirmişdi ki, həqiqətən də İlham Əliyev Qarabağı alandan sonra şəxsən mənim belə, fikrim dəyişib, baxmayaraq, müəyyən mənfi münasibətlərim olub, bəzi dövlət məmurlarına qarşı indi də mənfi münasibətim var... Amma bu, o demək deyil, bütün hallarda İlham Əliyev və onun rəhbərlik etdiyi partiyaya hücum edəsən. Bu, ucuzluqdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, tədbirə qatılan müxalif partiya sədrlərini tənqid edən partiyalar Makronla, Paşinyanla eyni müstəvidə çıxış edirlər: “Əsas AXCP və Müsavat Partiyasıdır. Onlar 44 günlük müharibədə də mövqelərini göstərdilər. Əllərində 5-6 “əldəqayırma” bloqerləri var, hara xidmət edirlər, heç özüləri də bilmirlər. Sifarişlə bu məsələləri gündəmə gətirirlər. Az qalırlar ki, İranı Xomeynidən çox müdafiə etsinlər. Əsas məqsədləri budur ki, təki İlham Əliyevə, Azərbaycana pis olsun, bunların da deməyə sözü olsun. YAP-ın tədbirində iştirak edən müxalif partiya sədrlərinə hörmətim daha da artdı. Azərbaycanda yeni, gözəl bir ənənənin başlanğıcını qoydular. Əsl müxalifət elə o tədbirdə olanlar idi. İqbal Ağazadənin dediyini nə Əli Kərimli deyə bilir, nə Arif Hacılısı, nə də başqası. Hələ İlqar Məmmədovun mövqeyi... Bunların hansı Tural Abbaslı kimi danışır? Əli İnsanov... Mən o tədbirdə bu dörd nəfəri gördüm, dördünə də böyük hörmətim var. Bu adamlar bu gün Azərbaycanda milli ənənənin əsasını qoydular. Digərləri kimi Azərbaycanın əleyhinə işləmədilər. Alqışlayıram”.

C.Nuriyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yaxın zamanda YAP-dan çıxarılacağı üçün yubiley tədbirinə dəvət edilməməsi barədə iddialara da münasibət bildirib: “Ola bilər, çünki Vasif Talıbov haqqında mətbuatda çox güclü materiallar verildi. Doğrudan da elədirsə, Vasif Talıbov nəinki YAP-dan çıxarılmalıdır, ümumiyyətlə başqa şeylər də gündəmə gəlməlidir. Xarici mətbuatda belə bir məlumata rast gəldim ki, AZAL-ın rəhbəri və Vasif Talıbov İraqda, təxminən, 3 milyard dəyərində neftayırma zavodu tikiblər. Bu məlumat nə dərəcədə düzdür, deyə bilmərəm. Amma konkret bu adlar gündəmdədir. Adamdan soruşarlar ki, belə bir şəraitdə bu 3 ilyard hardan idi? Biz AZAL-dan biletləri od qiymətinə alırıq. Ola bilməz ki, dövlət tərəfindən Vasif Talıbova ögey münasibət olsun. Amma bunu bilirəm ki, Ramiz Mehdiyevin ayağı hara dəyibsə, orada ot bitmir, pestisid kimi bir şeydir. Adam gedib Naxçıvanda bir neçə gün qalandan sonra Vasif Talıbov başqa eşqə düşdü. Mətbuatdan oxuduqlarımı analiz etdim, gördüm ki, bəli, Vasif Talıbov dövlət dövlət başçısı olmaq istəyir. Gör, Azərbaycan nə günə qalıb ki, belə bir adam bu posta yiyələnmək istəyir. Vallah, bunun xəyanətdən başqa adı yoxdur. Bu, Heydər Əliyevin ruhuna xəyanətdir. Belə bir adamın səviyyəsi olmaya-olmaya birdən–birə elə bir eşqə düşməsi... Sən bilirsən ki, Ramiz Mehdiyev provokatorun biridir. Ramiz Mehdiyevlə sən niyə görüşürsən? Hansı ağılla Azərbaycan dövlətinə rəhbərlik etmək istəyirsən? Naxçıvanın jurnalistlərinin verdikləri informasiyanın təhlili, siyasi nəticəsi budur. Vasif Talıbov nəinki YAP-dan çıxarılmalıdır, başqa cür də cəzalandırılmalıdır. Çünki hakimiyyətdaxili parçalanma yaratdı. Qarşıdurma Azərbaycanda indiki şəraitdə ən təhlükəli istifadə metodudur. Bunu etmək olmaz”.

O, “Naxçıvanı İran və Ermənistandan qoruyub-saxlayan Vasif Talıbovdur, indiki şəraitdə getməsi təhlükəli ola bilər” deyənlərə isə belə cavab verib: “Bu, ağılsız fikirdir. Birincisi, Naxçıvanı Vasif Talıbov saxlamır. Naxçıvanı Azərbaycan dövləti qoruyur. Ən ağır vaxtlarda isə rəhmətlik Heydər Əliyev qorudu. İkincisi, Naxçıvan Qars müqaviləsinə görə, Türkiyənin nəzarətindədir. Bu günə qədər də Naxçıvana hər hansı qəsb olmayıb. Olsaydı belə, Türkiyə onu qoruyacaqdı. Vasif Talıbovun rolunu bu boyda şişirdib Azərbaycan mediasına çıxarmağın özü yanlışdır. Bunu Naxçıvan camaatına təhqir hesab edirəm. Bəli, Talıbov Naxçıvanın meri kimi bir iş bacarar. Bunu qəbul edirəm. Amma “ay, Naxçıvanı qorudu, Naxçıvan buna minnətdardır...” Əksinə, Naxçıvan boşalıb, o cür ziyalı bir məkanın camaatı yaman gündədir. Hamısını qaçırıblar. Bu cür qeyrətli bir bölgənin xalqı Türkiyədə çox ağır vəziyyətdədir. Vasif Talıbovun bir dəstə adamı camaata zülm edir. Olası şey deyil. Necə yəni, “Naxçıvanı Talıbov saxlayır”. Naxçıvanın o qədər qeyrətli oğlanları var ki. Düzgün deyil. Talıbov təmiz türklərə orada kifayət qədər mənfi yanaşır, bu, birmənalıdır...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...