Rusiya Ukraynanı artilleriya və “Qrad”lardan atəşə tutdu: ölən və yaralananlar var
Donetsk vilayətində Baxmutun rus işğalçıları tərəfindən atəşə tutulması nəticəsində 5 dinc sakin həlak olub, 9 nəfər yaralanıb.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.
Baş Prokurorluğun məlumatına görə, fevralın 16-da ruslar top artilleriyasından və "Qrad” reaktiv yaylım atəş sistemi ilə Baxmutu atəşə tutublar.
"İşğalçıların mərmiləri yenidən şəhərin yaşayış məntəqəsinə düşüb. Rusiya ordusunun hücumu nəticəsində üç kişi və iki qadın həlak olub. Doqquz vətəndaş müxtəlif dərəcəli qəlpə yaraları alıb", - məlumatda deyilir.
Çoxlu evə ziyan dəydiyi də bildirilir. Baş Prokurorluğun məlumatına görə, işğalçılar axşam saatlarında şəhəri atəşə tutmaqda davam edirlər.
Qeyd olunur ki, cinayət işi üzrə müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1, 2-ci hissələri) üzrə ibtidai araşdırmalara başlanılıb.
Ötən sutka ərzində ümumilikdə düşmən Ukrayna ərazisinə 40-dan çox raket növü atıb.
"Son sutka ərzində düşmən Xarkovda ölkəmizin ərazisində 41 müxtəlif tipli raketdən istifadə edib, onlardan 5-i yenilənmiş S-300 zenit-raket kompleksi olub. Müdafiəçilərimiz tərəfindən 16 raket vurulub. Bundan başqa, İşğalçılar 24 hava zərbəsi endirib və raket sistemlərindən 50-dən çox atəş açıblar. Mülki əhali arasında yaralananlar və ölənlər var”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da yazır.
Ukraynanın hər yerində Rusiya Federasiyası tərəfindən zərbə təhlükəsi yüksək olaraq qalır.
1262 dəfə oxundu