İlkin Rüstəmzadəyə 14 500 avro veriləcək
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə qərar və qərardadlarını elan edib.
Bu şikayətlərdən də biri İlkin Rüstəmzadəyə məxsusdur. O, Azərbaycana qarşı işində həmçinin, Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilmişdi.
1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan ərizəçi İlkin Bəkir oğlu Rüstəmzadə 2011-ci ildə yaradılmış “Azad Gənclik” təşkilatının təsisçilərindən biri olub. Şikayəti 2013-cü ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti qurumu üzvüykən həbs edilməsindən sonra ərizəçinin həmin vaxt Azərbaycanda məşhur olan “Harlem Shake” rəqsinin çəkilişində iştirak etməsi və videonu “Youtube”a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır. Rüstəmzadə həmin hadisələrin ardınca, xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10 (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi AİHM qarşısında heç bir cinayət əməli törətmədiyini, məhkum edilməsinin onun qeyd edilən hüquqlarını pozduğunu iddia edirdi.
AİHM bu işdə ərizəçinin 6-cı və 10-cu maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulmasına qərar verib.
Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəfələrə görə 2 min 500 avro ödəməlidir.
545 dəfə oxundu