On ilini tamam edən avtomobillərin idxalına qadağa qiymətləri kəskin artıracaq?- FOTO
Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.
Nazirlər Kabinetinin bu qərarı müzakirələrə səbəb olmaqla bərabər, ölkədə avtomobil qiymətlərinin yüksələcəyi, bu sahədə tələbatın ödənilməsində çətinliklərin yaranacağı haqqında iddialara da gətirib çıxardı.
Sözügedən qərar haqqında Oxu.Az-a danışan iqtisadçı, deputat Vahid Əhmədov isə düşünür ki, Nazirlər Kabinetinin addımı yerində və düzgündür. Deputatın fikrincə, bu qadağa ekoloji təhlükəsizlik baxımından vacib idi:
“Azərbaycanda maşınların sayı kifayət qədər çoxdur. Ölkədə iki milyona yaxın maşın olduğu deyilir. Əksəriyyəti isə Bakıda deyil, Sumqayıt, Mingəçevir, Gəncə və s. zonalarda istifadə edilir. Əvvəllər rayonlarda avtomobillərin sayı paytaxta nisbətən çox az idisə, indi elə bölgələr var, maşın sayına görə paytaxta çatır.
Belə bir qərarın verilməsi təhlükəsizlik və ekoloji təmizlik baxımından vacib hala çevrilmişdi. Dünya ölkələrinin elektrik avtomobillərindən istifadəni artırdığı, elektromobillərin istehsalını həyata keçirdiyi zamanda Azərbaycana köhnə maşınların gətirilməsi məqsədəuyğun deyildi. Bu qərar əhalinin tələbatının ödənilməsinə problem yaratmayacaq. Onsuz da, Azərbaycanda yerli avtomobil istehsalının artırılması haqqında ciddi fikirlər səsləndirilirdi, vacib addımların atılması zəruri hesab edilirdi. Əgər tələbat yüksək olarsa, yerli avtomobillərin istehsalını daha da artırmaq mümkün olacaq. Köhnə maşınların atmosferə və insanlara vurduğu ziyan onların dəyərindən daha çoxdur. Ola bilər, daha ucuz avtomobilə sahib olmaq istəyən bəzi şəxslər üçün bu qərar xoş qarşılanmayacaq. Amma bu addım atılıbsa, hər kəs öyrəşməlidir, təhlükəsizlik üçün qərara əməl olunmalıdır.
Maşın qiymətlərində kəskin bahalaşmanın olacağını düşünmürəm. Müəyyən müddət qiymətlərdə dəyişiklik olacaq, amma bu yoluna qoyulacaq. Köhnə avtomobillərin ölkəyə gətirilməsinə çoxdan qadağa qoyulmalı idi. Bütün bunlar müzakirə edilib, ən düzgün çıxış yolu seçilib”.
464 dəfə oxundu