Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar?

Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar?

Turizm mövsümü olduğundan istirahət üçün ölkə xaricinə üz tutan vətəndaşların sayı artıb. Bu səbəbdən də səyahət etmək istəyən vətəndaşların çoxu turizm xidmətləri göstərən şirkətlərə üz tuturlar. Turizm şirkətlərindən istifadə edənlər öz vaxtlarına qənaət edərək hazır təkliflərdən yararlanırlar.

Lakin elə turizm şirkətləri var ki, onlar vətəndaşların etibarından sui-istifadə edirlər. Buna görə də, səyahət üçün turizm şirkəti seçərkən çox diqqətli olmaq lazımdır.

Məsələ ilə bağlı "Trend”ə açıqlamasında "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, turistlər şirkətə müraciət etməmişdən öncə onun haqqında araşdırma etməlidirlər.

"Təəssüflər olsun ki, müştərilər daha çox qiymətin ucuz olmasına fikir verirlər. Belə olduğu halda isə tur alan insanlar problemlə qarşılaşırlar. Əsas keyfiyyətə və şirkətin bu sahədə etibarlı olmasına diqqət edilməlidir. Vətəndaşlar turları istirahətə gedəcəkləri vaxtdan bir neçə ay əvvəl bron və ödəniş edirlər. İnsanlar səyahətə əsasən yay aylarında getdiyindən problemlə də bu mövsümdə daha çox qarşılaşırlar. Əsasən qarşılaşdıqları problemlər tur üçün ödəniş edilsə də, sonradan məlum olur ki, belə tur yoxdur, keyfiyyət zəifdir, turizm şirkəti yoxa çıxır və ya başqa problemlərlə üzləşirlər”, - deyə Qəhramanov vurğulayıb.

Assosiasiya sədri bildirib ki, tur paket alarkən insanlar turizm şirkətinin imicinə, dayanıqlı olmasına mütləq şəkildə fikir verməlidirlər:

"Bunu bilmək üçün bu ildən fəaliyyət göstərən Turizm Reyesetrindən şirkətlər barədə məlumat ala bilərlər. Şirkət fəaliyyət göstərirsə, mütləq reyestrdən keçməli və standartlara cavab verməlidir. Vətəndaş tur paket alırsa, mütləq turizm şirkəti ilə müqavilə bağlamalıdır. Bu, hər iki tərəfin hüquqlarını, öhdəliklərini təsdiq edən sənəddir. Çünki çox vaxt turistlər narazı qalır və üzləşdiyi problemlə bağlı şirkəti günahlandırırlar. Ancaq müqavilə olarsa, onun əsasında problemi həll etmək mümkündür”.

G.Qəhrəmanov qeyd edib ki, Assosiasiyasının 120-dən çox üzvü var. Turizm şirkətləri Assosiasiyaya daxil olmaq üçün standartlarımıza cavab verməlidir ki, üzv kimi qəbul olunsun.

"Bu kimi məsələlərə çox ciddi yanaşılır, həmin şirkətlərin bazarda olan imicləri, durumları daim araşdırılır. Assosiasiyaya üzv olan şirkətlərlə turistlər arasında xoşagəlməz hadisələr baş verdiyi halda köməklik göstərə bilərik”, - deyə o, əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...