“Sağalandan sonra məhkəmə qarşısına çıxarılacaq və cəzasını alacaq” - AÇIQLAMA

“Sağalandan sonra məhkəmə qarşısına çıxarılacaq və cəzasını alacaq” -
“İstintaq müəyyən edəcək ki, baş vermiş qəzada kim günahkardır? Əgər müəyyən olunsa ki, Nicat Şakirlinin özü günahkardır və onun törətdiyi qəza nəticəsində adam həlak olub, o zaman o, sağalandan sonra məhkəmə qarşısına çıxarılacaq və ümumi qaydada hansı maddə ilə tövsif olunacaqsa, o maddə ilə cəzasını alacaq. Yəni orada nəzərə alınmayacaq ki, özü xəsarət alıb, əlil olub. Nə olursa, olsun, təqsirkar şəxs digər amillərə baxmadan cəzasını alacaq”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

O, tanınmış bloger Nicat Şakirlinin (Nikosayağı) ötən gün keçirdiyi qəzadan sonra cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı ilə bağlı səslənən iddialara münasibət bildirib.

Ə.Mustafayev aydınlaşdırıb ki, xüsusilə də, əgər N.Şakirli sərxoş vəziyyətdə olubsa, bu, artıq ağırlaşdırıcı haldır:

“Adətən, cəzanın müddəti 5 ilə qədərdirsə, o zaman təqsirləndirilən şəxslər məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzalarını çəkirlər. Yox, 5 ildən yuxarı iş kəsiləndə isə onlar kolona gedirlər. Yəni sərxoş olubsa, Nicat Şakirliyə 5 ildən yuxarı cəza veriləcək və o, kolonda cəzasını çəkəcək. Burada onun məşhur bloger olması, habelə qolunun amputasiya edilməsi cəzanın təyinatına heç bir təsir etməyəcək”.

“Əgər qəzada xəsarət alan varsa, xüsusilə də ölüm faktı varsa, onda cinayət məsuliyyəti başlayır. Yox, əgər xəsarət alan olmasa, burada cinayət məsuliyyəti olmur. Sadəcə digər avtomaşına vurduğu zərəri ödəməklə proses mülki qaydada həll olunur. Lakin ölüm hadisəsi və xəsarət alan varsa, bu, artıq cinayət hadisəsidir və bunu törədən şəxs mütləq məsuliyyətə cəlb ediləcək”, – müsahibimiz əlavə edib.

Nəqliyyat üzrə ekspert Aslan Əsədovun fikrincə isə qanun qarşısında hamı bərabərdir:

“Amma qəzada 1 nəfərin öldüyü bildirilir. Burada hadisə yerinə baxış keçirilməlidir. Əgər sürücü saatda 180 km. ilə radara düşübsə, onun hərəkət trayektoriyasına baxmaq lazımdır. Lakin bu, spirtli içkinin təsirində olmağa oxşamır. Eləcə də TIR sağ zolaqla və aşağı sürətlə maksimum 60-70, şəhərin içində isə 50 km. saatla gedir”.

Mütəxəssis söyləyib ki, “Yol Hərəkəti haqqında” Qanunun girişində belə bir maddə var:

“Hər bir şəxsin yol hərəkətinin təşkili və təhlükəsizliyi üçün vəzifəsi var. Yəni yoldasansa, yolun təhlükəsizliyini qorumalısan. Burada 1 nəfər həlak oldu, 1 nəfərin qolu amputasiya oldu, TIR şoferi də maddi ziyan gördü. Burada ölüm işi var və qəzanı törədən məsuliyyətə cəlb olunacaq. Görün, neçə ailənin çırağı söndü?”

“O ki qaldı “Yol Hərəkəti haqqında” Qanunda spirtli içki və ya digər maddələrin təsiri altında qəza törətmək İnzibati Xətalar Məcəlləsindən əlavə, cinayət məsuliyyəti də daşıyır. Bu, artıq hüquqi prosesdir və istintaqın gedişatından asılı olaraq dəyişə bilir. Buna da dövlət ittihamçısı qiymət verəcək. Amma hərəkətinin cinayət tərkibli olması və həbs edilməsində qeyri-adi heç nə yoxdur və həbs edilməsi istisna edilmir”, – o, fikirlərini yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...