Azərbaycanın uğurlu antiterror əməliyyatına kölgə salmaq istəyən bloggerlər kimdir?
Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusudur. Müzakirələrdə tədbirlərin uğurla başa çatdığı, nəticənin birmənalı olaraq Azərbaycanın xeyrinə olduğu düşüncəsində olanların sayı çoxdur. Amma əfsuslar olsun ki, milli və dövlətçilik maraqları baxımından əhəmiyyət daşıyan antiterror tədbirlərinə, onun nəticələrinə kölgə salmaq istəyənlər də var.
Bu mövzuda tənqidi mövqe tutanlar, daha doğrusu, prosesə qərəzli baxış bucağından boylananların əsas arqumenti Azərbaycanın itkiləri ilə bağlıdır. Maraqlıdır ki, belə yanaşma əsasən xaricdə məskunlaşan və anti-Azərbaycan mövqeyi tutan bloggerlər tərəfindən sərgilənir.
Diqqəti antiterror tədbirlərinin nəticələrinə deyil, itkilərimizin sayına yönəldən həmin bloggerlər bununla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Həmin bloggerlər milli maraqlara zərbə vurmağı, dövlətçiliyin əleyhinə çıxmağı siyasi mübarizə adı altında həyata keçirirlər.
Amma indi internet əsridir. Yalan məlumatların, iddiaların ifşa olunması an məsələsidir. Elə bu səbəbdəndir ki, onların iddiaları cəmiyyət tərəfindən qəbul edilmir. Daha doğrusu, cəmiyyət Azərbaycan üçün həyati əhəmiyyətli məsələlərə bu sayaq yanaşmanın milli maraqlara zidd olduğunu gözəl başa düşür.
Azərbaycan 30 ildən sonra Qarabağ problemini birdəfəlik həll etməyə, bölgədə dayanıqlı sülhə nail olmağa bu qədər yaxın olmayıb. Əlbəttə ki, bu yöndə atılan addımlar itkisiz başa gəlmir.
Azərbaycan anti-terror tədbirləri nəticəsində Qarabağdakı erməni yaraqlılarının birdəflik neytrallaşdırmağa nail olub. İkincisi və ən mühümü bu tədbirlər həyata keçirilərkən Ermənistan prosesi sükutla seyr etmək məcburiyyətində qalıb. Qarabağdakı erməni yaraqlılarına dəstək verməyib, verə bilməyib.
Nəhayət, bu tədbirlər Azərbaycan əsgərinin Xankəndinə, Xocalıya, Ağdərəyə, qısası erməni separatçılarının kompakt yaşadığı ərazilərə hakim olmasına səbəb olub.
Məgər mövcud şərtlər daxilində bütün bunlar böyük nəticə deyilmi?
389 dəfə oxundu