“Rusiya Qarabağda qalma müddətini uzatmağa çalışır”

“Rusiya Qarabağda qalma müddətini uzatmağa çalışır”


Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir.

"Gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulur", - deyə nazir açıqlayıb.

Açıqlamanı şərh eddən politoloq Elxan Şahinoğlu bildirir ki, nazirin dedikləri ziddiyyətlidir.

"Qarabağda sülh bərpa edilib və Şoyqunun təbirincə desək Azərbaycanın kənar “qaranta” ehtiyacı yoxdur. Buna baxmayaraq, Kremlə elə gəlir ki, ehtiyac olmadığı halda Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidirlər. Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir", - o əlavə edib.

Ekspert bu arada Rusiya Müdafiə Nazirliyindən yayımlanan fərqli açıqlamanı xatırladır: "Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib. Görünür, Kreml rusiyalı sühməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. Çünki, rusiyalı hərbçilərin Qarabağda başqa məşğuliyyəti qalmayıb".

E. Şahinoğlu hesab edir ki, Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır. Onun sözlərinə görə, deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər: "Azərbaycanda minaların təmizlənməsiylə ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik) təşkilatı məşğuldur. Bu təşkilat minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib və onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rusiyalı hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur. Azərbaycan Qarabağda minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsiylə bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq, sadəcə bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı".

Politoloq xatırladır ki, sülhməramlıların Azərbaycanda qalmalarının gərəkliyini dəstəkləyən yerli ekspertlər arasında belə bir fikir də var ki, onlar Qarabağı tərk etsələr, bölgədə Fransa, ABŞ və ya beynəlxalq təşkilatlardan birinin sülhməramlıları daxil ola bilərlər ki, bu Azərbaycanın maraqlarına ziddir.

"Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələri Qarabağa daxil ola bilməz. Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik", - E. Şahinoğlu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...