İş adamı "MTN" generalını məhkəmədə uddu - 50 min manat konpensasiya alacaq

İş adamı "MTN" generalını məhkəmədə uddu -
“MTN işi”ndə zərərçəkmiş qismində tanınan iş adamı Orxan Abdullayevin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə və onun keçmiş müavini, eyni zamanda 1-ci şöbənin sabiq rəisi Yasin Məmmədova qarşı mülki iddiası təmin edilib.

“Qaynarinfo” xəbər verir ki, Orxan Abdullayev Səbail Rayon Məhkəməsində qaldırdığı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun qurama ittihamları ilə saxlanıldığını və barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib. İş adamı əlavə edib ki, bundan sonra adıçəkilən şəxslər onun atasından 50 000 manat alaraq barəsindəki həbs qətimkan tədbirini başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edib.

“MTN işi” çərçivəsində Mövlam Şıxəliyev və Yasin Məmmədov həbs edildikdən sonra Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb. İş adamı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun atasından aldığı 50 000 manatın adıçəkilən şəxslərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini istəyib.
Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən iclasda iş üzrə materiallar araşdırıldıqdan sonra Orxan Abdullayevin iddiası təmin edilib. Qətnaməyə əsasən, Mövlam Şıxəliyev və Yasin Məmmədov iş adamına dəymiş ziyan olaraq 50 000 manat və 240 manat dövlət rüsumunun əvəzini ödəməlidir.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov isə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...