Ölkəmizə xaricdən pul köçürmələrində KƏSKİN AZALMA – SƏBƏB NƏDİR?

Ölkəmizə xaricdən pul köçürmələrində KƏSKİN AZALMA –
Mərkəzi Bankın son hesabatına əsasən, xaricdən Azərbaycan banklarına sürətli pul köçürmə sistemləri vasitəsi ilə 2 milyard 468,0 milyon manat vəsait daxil olub. Bu məbləğ 2022-ci ilin eyni dövründə 5 milyard 798.6 milyon manat olub. Buradan da aydın olur ki, bir illik azalma 3 milyard 330,6 milyon manat və ya 57,4 faizdir.

Qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycana köçürülən bir ödənişin orta məbləği 601.6 manat təşkil edirdisə, bu, dekabr ayında 512.7 manata düşüb. Yəni, bu sahədə də azalma 88,9 manat və ya 14,7 faiz olub.

Bəs, bu qədər kəskin azalma nə ilə bağlıdır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov, bunu təbii hal kimi dəyərləndirib və 2022-ci ildə sözügedən məbləğin yüksək olmasını Ukrayna müharibəsi ilə əlaqələndirib:

“Müharibədən dərhal sonra hər iki ölkədə çalışan azərbaycanlılar banklardakı hesablarından ölkəmizə köçürmələri kəskin artırdılar. Beləliklə, 2022-ci ildə Azərbaycana göndərilən pul baratlarının həcmi normadan bir neçə dəfə artıq oldu. 2023-cü ildə bu proses azalmağa başladı və normadan da aşağı düşdü.

Ona görə ki, 2022-ci ildən sonra həmin ölkələrdə yaşayan həmvətənlilərimizin vəsaitləri tükənmişdi. Bəziləri öz bizneslərini dayandırdı və başqa ölkələrə köçməyə məcbur oldular. Uzun illərdir ki, Azərbaycana pul köçürmələri əsasən Rusiya, Ukrayna və digər MDB ölkələrindən gəlir. Bu azalmanın cari ildə daha da sürətlənəcəyi proqnozlaşdırılır”.

Müsahibimizin sözlərinə görə, Ukrayna müharibəsi nəticəsində Avropa iqtisadiyyatı da ciddi şəkildə zəifləyib:

“Bu gün ABŞ, Şərqi Asiya, Çin və Yaponiya iqtisadiyyatları Aİ regionundan dəfələrlə üstün vəziyyətdədir. Aİ ölkələrində iqtisadi vəziyyət qeyri-qənaətbəxşdir. Hazırda burada nəinki orta və xırda biznes adamları, hətta sahibkarların və şirkətlərin işi dalana dirənib.

Hazırda ABŞ iqtisadiyyatında nisbi stabillik olsa da, AB ölkələrində ciddi tənəzzül yaşanmaqdadır. Belə bir şəraitdə orada yaşayanların Azərbaycana göndərdiyi vəsaitlərin 2021-2022-ci illərlə müqayisədə azalması labüddür. Çünki onların bir çoxunun biznesləri bağlanıb, bəzilərinin isə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...