Sərhəd-keçid məntəqələrində “donuz qripi” qeydə alınmayıb - Səhiyyə Nazirliyi

Sərhəd-keçid məntəqələrində “donuz qripi” qeydə alınmayıb -


“Sərhəd-keçid məntəqələrində “donuz qripi” qeydə alınmayıb”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov deyib.

O bildirib ki, Gəncə hava limanında 1 nəfər “donuz qripi” şübhəsi ilə Gəncə şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib: “Bizə verilən məlumata əsasən ora təcili yardım çağırılıb. Aparılan müayinələr nəticəsində həmin şəxsdə “donuz qripi”nin əlamətləri aşkarlanmayıb”.

Şöbə müdiri əlavə edib ki, “donuz qripi”nə qarşı aparılan profilaktik tədbirlər Dövlət Gömrük Komitəsinin səlahiyyətləri çərçivəsindədir: “Lakin buna baxmayaraq, biz öz tərəfimizdən ehtiyac duyulan hallarda onlara metodiki yardım göstəririk. Yaxın vaxtlarda sərhəd-keçid məntəqələrinə yenə də metodiki yardımlar edilib. Profilaktik tədbirlərin necə aparılması, hansı tədbirlərin görülməsi, eyni zamanda profilaktik tədbirlərin bir daha gücləndirilməsi istiqamətində onlara köməklik olunub”.

Y. Balışov qeyd edib ki, “donuz qripi” təhlükəsinə qarşı Respublika Sanitariya-Karantin Müfəttişliyində növbəli iş sistemi həyata keçirilir: “Sərhəd-keçid məntəqələrində insan orqanizmində normadan artıq hərarəti aşkarlayan aparatlar quraşdırılıb. Bizim idarədə növbəli iş sistemi həyata keçirilir. Hər hansı məlumat olan zaman bizə dərhal məlumat verilir. Biz də öz tərəfimizdən həmin məlumatları ərazi tibb müəssisələrinə veririk. Sərhəd-keçid məntəqələrində hərarətli şəxs aşkarlanacağı təqdirdə, ya təcili yardım maşını, ya da ərazi tibb hissəsindən müalicə həkimi çağırılır. Həmin müalicə həkiminin verdiyi rəydən sonra, müvafiq tədbirlər həyata keçirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...