Saatlı Xəstəxanasında nə BAŞ VERİR?

Saatlı Xəstəxanasında nə
Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovun qanun pozuntularına yol verdiyi iddia olunur.

Bu barədə Bizim.Media-ya xəstəxananın hüquqşünası Habil Ağayev məlumat verib.

“Saatlı Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovla bir yerdə 3 ildir işləsək də, daim mənə təzyiq edir. Müəssisədə baş verən qanun pozuntuları ilə bağlı dəfələrlə etdiyim müraciətlərə cavab vermir”, - deyə hüquqşünas bildirib.

Şikayətçi iddia edir ki, baş direktor əmək intizamını ciddi şəkildə pozur:

“İş saatı 09.00-da başlasa da, o, saat 10.00-dan tez işə gəlmir. Müəssisədə əmək qanunvericiliyinə əməl olunmur. Çox zaman da Pərvin Məmmədov işçiləri qanunları pozmağa vadar edir. Onun dediklərinə əməl etməyənlərə isə psixoloji təsir göstərir, şərləyir. Onun haqsızlığı ilə üzləşənlərdən biri də mənəm. Əsassız yerə mənə töhmət verib. Üstəlik, Saatlı rayon Məhkəməsinə də şərəf və ləyaqətinə, işgüzar nüfuza “xələl gətirdiyimə” görə məni məhkəməyə verib.

O heç bir şikayətçini qəbul etmir. İş otağı əla vəziyyətdə olsa da, xəstəxananın vəsaitindən 20 min manatdan yuxarı vəsait xərcləyərək onu yüksək səviyyədə təmir etdirib. Giriş qapısı işcilərdən yığılan pul hesabına təmir edilib”.

Şikayətçinin sözlərinə görə, baş direktor vəzifə səlahiyyətlərini aşaraq qanunsuz işlər görür:

“Əmr, sərəncam və digər hüquqi sənədlər məndən gizlədilir. Bunun da obyektiv səbəbləri var. 200-dən yuxarı insanı işə götürüb, lakin hüquqşünasın dərkənarı yoxdur. Maliyyə, alqı-satqı müqavilələri hüquqşünasla razılaşdırılmadan həyata keçirilir. Özü üçün ayrıca giriş qapısı qoydurub və müşahidə kamerası ilə təchiz edilib. Halbuki, qaydaya görə kamera təhlükəsizlik bölməsinin rəisinin otağında olmalıdır. Baş verən qanunsuzluğa səsimi qaldıranda da deyir ki, “göz yum, maaşını al”.

Habil Ağayev məsələ ilə bağlı TƏBİB-ə müraciət etdiyini, lakin heç bir tədbir görülmədiyini bildirib.

Sözügedən iddialarla bağlı Pərvin Məmmədovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Mövzunu diqqətdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...