Obama və Soros demokratları yenidən dirçəltməyə çalışır

Obama və Soros demokratları yenidən dirçəltməyə çalışır


ABŞ demokratları prezident seçkilərində aldığı ağır məğlubiyyətdən hələ özünə gəlməyib. Görünür, bunu fərqindəymiş kimi prezidentt Barak Obama demokratları yenidən özünə gəlməyə və toplanmağa çağırıb.

Musavat.com-un ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, Obama bazar ertəsi keçirdiyi mətbuat konfransında demokratların aşağı kütlələrlə işləməsinin və bütün seçicilərlə təbliğat işinin aparmasının vacibliyini vurğulayıb. “Biz hər yerdə yarışmalıyıq, biz hər yerdə görünməliyik, biz cəmiyyətin aşağı təbəqələri ilə işləməyə məcburuq”,-prezident bəyan edib.

Obama demokratların son seçkidə uduzduğu Ayova ştatını həm prezidentliyə namizəd olduğu, həm də ikinci dəfə seçildiyi dövrdə qazandığını xatırladıb: “Burada təkcə demoqrafik amil rol oynamayıb. Mən 87 gün ərzində hər bir kiçik şəhəri, bazarları, hətta hərbi veteranların toplandığı zalları addım-addım gəzdim”. Siyasi müşahidəçilər Obamanın bu sözlərinin arxasında seçki kampaniyasında bir qədər passivlik nümayiş etdirən Hillari Klintona kiçik tənqid notlarının gizləndiyini qeyd edirlər.

Obama partiya strukturlarının da xalqın həssas yanaşdığı tələblərinə uyğun hərəkət etməli olduğunu söyləyib. Obama adətən demokratların qazandığı Pensilvaniya və Miçiqan kimi ştatlarda Trampa uduzmasına da toxunaraq partiyanın cəmiyyətə doğru hər kəsi qucaqlayacaq, habelə bərabər iqtisadi imkanlarla bağlı mesajlarla irəliyə hərəkət etmək məcburiyyətində olduğunu bildirib.

“Biz müəyyən azlıq üçün deyil, hamı üçün işləyən iqtisadiyyata malik olunması inancını daşıyırıq. Biz Amerikanın itələyici deyil, irqindən, cinsindən, harada anadan olmasından asılı olmayaraq qucaqlayıcı olaraq daha yaxşı olacağı inancına malik olmalıyıq”, - Obama qeyd edib.

ABŞ prezidenti demokratların cəmiyyət üçün gözəl ideyalara malik olduğunu lakin bu ideyaların cəmiyyət tərəfindən də eşidilməsinin gərəkliliyini vurğulayıb. “İnsanların duya bilmədiyi heç bir yaxşı ideyanın mənası yoxdur”,- prezident çıxışında qeyd edib.

Demokrat partiyasının böyük dəstəkçilərindən sayılan milyarder Corc Soros isə seçkidən sonra təşkilatın fəaliyyətinin müzakirə olunması və prezident Donald Trampla mübarizəni səfərbər etmək məqsədilə partiyanın nüfuzlu şəxslərini xüsusi konfrans formatında Vaşinqtona toplayıb.

Politico.com saytının verdiyi məlumata görə, konfrans demokratlara bağlı “Democracy Alliance donor club” (qısa adla - Demokratik Alyans) sponsorluğuyıa Vaşintonun çox bahalı sayılan “Mandarin Oriental” otelində keçirilir.

Konfransda Demokrat partiyasına mənsub təşkilatlardan, liberal qruplardan liderlər, o cümlədən partiyanın Nümyəndələr Palatasındakı fraksiya rəhbəri Nensi Pelosi, senator Elizabet Uorren, gənc liderlərdən, ABŞ-ın müsəlman Konqres üzvlərindən Keyt Ellison kimi şəxslər iştirak edirlər.

Konfrans seçkidən sonra demokratların keçirdiyi ən böyük yığıncaq olub partiyanın qarşısında duran gələcək planları müzakirə edəcək. Konfrans iştirakçıları Donald Trampın ilk 100 günü ərzində həyata keçirmək istədiyi tədbirləri Obama dövründə əldə olunan nailiyyətlərə qorxulu hücum kimi dəyərləndirib.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi isə Donald Trampı Stiv Bannonu administrasiyanın ən üst rəhbərliyinə gətirməsinə görə sərt tənqid edib. Xanım Pelosi Stiv Bannonu “ağ millətçi” adlandıraraq, Trampın bu təyinatla ölkədə irqi ayrı-seçkiliyi və bölünmüşlük ruhunu gücləndirəcəyini vurğulayıb.

Qeyd olunur ki, Bannon administrasiya içərisində ən təhlükəli sağçı radikal hesab olunur. Konfransda demokratların ABŞ cəmiyyətinin bəzi xarakterik xüsusiyyətlərini görməzliyə vurduğu, bu səbəbdən demokratların seçki bazalarından hesab olunan bir çox ağdərili işçilərin səslərinin Trampa getdiyi barədə fikirlər səsləndirlib.

Onlar partiyanın yanaşma tərzinin və üst siyasətinin dəyişməsinin gərəkliliyini vurğulayırlar.

Bəziləri isə belə düşünmür. Onların fikrincə, partiya əslində seçkidə səhv etməyib. Hilllari Klinton isə ümumi səslərin sayına görə hətta Trampı üstələyib. “Tramp 2012-ci ildə Barak Obamaya uduzan Mitt Romnidən də az səs alıb. Bizim partiyaya kütləvi surətdə səs verəcək insanlara və bu insanları seçki günü səfərbər edə biləcək liderlərə ehtiyacımız var”, - paritya fəallarından biri jurnalislətərə bildirib.

“Demokratik Alyans” 2004-cü ildə keçirilən prezident seçkilərindən sonra Corc Soros və sığorta maqnatı Piter Lyuis tərəfindən yaradılıb. Alynsa həmçinin Demokrat partiyasına maliyyə yardımı edən bir çox zəngin sponsorlar, o cümlədən, Tom Steyer, Donald Sassman kimi maliyyə titanları, həmkarlar təşkilatlarının liderləri və liberal fondların nümayəndələri daxildir.

Alyans üzvləri hər il ən azı 30 min dollar məbləğində üzvlük haqqı ödəməlidirlər. Bu pullar Demokrat partiyasının tədbirlərinin, təbliğat işlərinin maliyyələşdirilməsinə sərf olunur.
Alyansın 2005-ci ildən bu yana Demokrat partiyasının təbliğat və təşkilat məsələlərinə 500 milyon dollardan çox pul xərclədiyi güman edilir.

Təkcə Corc Sorosun Hillari Klintonun seçki kampaniyasına 25 milyon dollardan çox ianə verdiyi deyilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...