KİV-də sponsor reklamı ilə bağlı qaydaların dəyişdirilməsi MM-in plenar iclasına tövsiyə olunub

KİV-də sponsor reklamı ilə bağlı qaydaların dəyişdirilməsi MM-in plenar iclasına tövsiyə olunub

[size
=3]Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Reklam haqqında” qanuna bir müddət əvvəl edilmiş dəyişikliyə əsasən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə rəhbəri Bahar Muradovanın sədrliyi ilə keçən iclasda Milli Məclisin şöbə müdiri Mirhəşim Seyidov layihə barədə məlumat verib.

İclasda ekspert kimi iştirak edən "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, “Reklam haqqında” qanuna dəyişiklik gündəmə gələndə təkliflərlə çıxış ediblər: "Təşəkkür edirik ki, Milli Məclis o təklifləri nəzərə aldı. Hazırda isə müzakirə olunan layihə tamamilə lazımlı bir dəyişiklərdir. Xüsusilə reklamı qadağan edilmiş malların istehsalı və ya satışı ilə məşğul olan şəxslərin sponsor ola bilməməsi tamamilə haqlı dəyişiklikdir. Çünki bir müddət əvvəl reklamı məhdudlaşdırılan spirtli içki və tütün məmulatları şirkətlərinin sponsor olması həqiqətən də düzgün deyil”.

O, həmçinin digər dəyişikliyi - dövri mətbu nəşrlərdə yayımlanan elanlarda, anonslarda əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi ilə bağlı dəyişikliyi də təqdir edib: “Çünki təbii olaraq reklam xarakterli press-relizlər xüsusi işarə ilə təqdim olunmalıdır”.

V. Mahirqızı 45-ci maddədə edilən əlavəyə isə (Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur) iradını bildirib: “Burada haqsız reklam ifadəsi qeyd olunur ki, məncə bu bir qədər yanlışdır. Çünki haqsız reklam olmur ki, mətbu orqan da ona görə təkzib versin. Kimsə bizə reklam xarakterli material veribsə, niyə biz onun əvəzinə təkzib verməliyik? Məsələn, bu gün televiziyalarda tibb verilişlərində bir həkim çıxıb bir neçə dəfə ən yaxşı həkim kimi təqdim olunursa, dərhal cəmiyyətdə hər kəs onu ən yaxşı kimi qəbul edir. Halbuki, bu, digər həkimlərə qarşı haqsızlıqdır. Amma burada televiziyanın günahı yoxdur. Çünki o həkimin mənsub olduğu tibb müəssisəsi sponsordur və təbii ki, aparıcı da həmin tibb müəssisəsinin həkimini ən yaxşı həkim kimi tamaşaçılara təqdim edəcək. Eyni zamanda burada gizli reklam ifadəsi qeyd olunur ki, bu da dəqiq ifadə deyil. Gizli reklamı necə təyin etmək mümkün olacaq? Məsələn, bugünkü iclasda masada istifadə olunan su qablarının məxsus olduğu şirkət çəkiliş zamanı dərhal reklam olunur. Bunu indi iclası çəkən mətbuat orqanı o qabın üzərini bağlaya da, yaxınlaşdırıb hiss olunmadan aydın çəkə də bilər. Yaxud mən burada görürəm ki, Milli Məclis bu sulardan istifadə edir, dərhal düşüncəm ki, bu daha yaxşı sudur və öz şirkətimizdə də bundan istifadə edə bilərik. İndi necə müəyyən etmək olacaq ki, bu, gizli reklamdır, yoxsa yox? Ona görə də düşünürəm ki, bu bəndin işlək olması sual altında olacaq. Çox yaxşı olardı ki, gələcəkdə bu, nəzərə alınsın”.

V. Mahirqızı ümumilikdə layihəni müsbət qiymətləndirib.

Deputat Fazil Mustafa, Hikmət Məmmədov və Elman Nəsirov da V. Mahirqızının iradlarının nəzərə alınmasının vacibliyini qeyd ediblər.

Bahar Muradova isə bildirib ki, layihə “Reklam haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırıcı xarakter daşıyır: “Ona görə də bunu tövsiyə edək, gələcəkdə təkliflərə təbii ki, baxmaq mümkün olacaq. Ümumilikdə isə Vüsalə xanımın reklamla bağlı etdiyi çıxışlarından yararlanmaq olar”.

Sonda layihə plenar iclasa tövsiyə olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...