AŞPA-dan Səməd Seyidova təklif: “Etiraf edin, sizinlə işimiz yoxdur!” - TƏHLİL

AŞPA-dan Səməd Seyidova təklif:

Bu təklifin arxasında “dövlətə qarşı şəxslə razılığa gəlməyə” uğursuz cəhd görünür

AŞPA Azərbaycan nümayəndə heyətinin rəhbərinin fəaliyyətini məhdudlaşdıran qərar qəbul edib. Azərbaycan xalqı deputat seçib və AŞPA-ya göndərib ki, orada onun maraqlarını ifadə etsin. AŞPA da onun təmsil etdiyi dövlətin maraqlarını ifadə etmə imkanlarını məhdudlaşdıran qərar çıxarır. Bu Avropa ilə münasibətlərimizdə “Avropanın dövlətlərüstü qurumları və suveren milli dövlət” mövzusunda yeni səhifə açır. Bu barədə bir qədər sonra.

Səməd Seyidov mətbuat konfransında onunla AŞPA-dakı söhbətdən incə bir məqamı açıqlayıb. Elə bir məqam ki, “sanksiya”nın bütün siyasi mahiyyətini və əsl hədəfini müəyyənləşdirməyə imkan verir. AŞPA-dakı güclərin bütün siyasi məqsədləri bu bir cümlədə gizli ifadə olunub. Səməd Seyidova deyiblər: “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq”. Bu təklifin arxasında əslində Azərbaycana qarşı, “dövlətə qarşı şəxslə razılığa gəlmək” cəhdi var. Açıq-aşkar “dövlətini pis hala salacaq ifadə ver, sizinlə işimiz olmayacaq” anlaşması təklif olunub. Əslində bir qədər də diqqətli baxdıqda burada milli dövlətin təmsilçisini şantaj elementlərini də görmək olar. Açıq –aşkar deyiblər ki, bizim işimiz S.Seyidovla deyil. Bəs onda hədəf nədir? Bu sualın cavabı sadədir: hədəf şəxs olaraq Səməd Seyidov deyilsə, deməli, bütövlükdə “milli dövlət”, Azərbaycandır. İddia olunan, amma sübut olunmayan fəaliyyət Səməd Seyidova aiddirsə, onda “etiraf edin, sizinlə işimiz yoxdur” anlaşması nəyə xidmət edir?

Yenidən “Avropanın dövlətlər üstü qurumlarla suveren milli dövlətlərin münasibəti” mövzusuna qayıdaq. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya Azərbaycanın milli seçiminə qarşı zorakılıq münasibətidir. Yalnız Azərbaycan xalqı kimin AŞPA-da onu təmsil etməsini müəyyənləşdirə bilər. AŞPA-dakı hakim qruplar isə Səməd Seyidovun fəaliyyətini, hətta sorğu ilə müraciət etmək hüququnu belə məhdudlaşdırmaqla, əslində suveren Azərbaycanın AŞPA-dakı fəaliyyət imkanlarını məhdudlaşdırırlar. Bu, eyni zamanda Azərbaycanın milli maraqlarının müdafiəsi imkanlarının məhdudlaşdırılması anlamına gəlir. Ona görə ki, Səməd Seyidov AŞPA-da şəxsi deyil, Azərbaycan xalqının maraqlarını təmsil edən qrupun rəhbəridir. Bu Avropanı fövqəldövlətə, üzv dövlətləri isə bu dövlətin regionlarına çevirməyə çalışan dairələrin siyasi təzyiqinə daha çox bənzəyir. Belə görünür ki, Avropa İttifaqını dövlətlərüstü bir quruma çevirməyə can atanlar kiçik dövlətləri məhz onların istədikləri kimi davranmağa vadar etmək istəyirlər.

Bu təhlükə Avropa üzərində 20 ildir ki, dolaşır, 2008-14-cü illər qlobal böhranı gedişində və son 4-5 ildə isə ciddi şəkil almağa başlayıb. Britaniya məhz bu səbəbdən “Breksit”ə getdi. İngiltərə Aİ-nin fövqəldövlətə çevrilməsinin, özünün isə orada aparıcı səsə malik ola bilməyəcəyinin fərqindədir. Polşanın Brüssellə ziddiyyətləri məhz buradan qaynaqlanır. Norveçin, İsveçrənin Avropa İttifaqından uzun illər məsafə saxlamağa çalışmasının səbəblərindən biri də budur: Avropa İttifaqının fövqəldövlətə, kiçik dövlətlərin isə regionlara çevrilməsi. Təqribən 16-cı əsrdə Beşinci Karl Habsburqun zamanındakı “Müqəddəs Roma imperiyası” və 19-cu əsrdə Napoleon Bonapartın imperiyası zamanındakı kimi. Yeri gəlmişkən, Avropada vahid valyuta tətbiqi də elə ilk dəfə Napoleonun ideyası olub.

İndi bu təzyiqi Azərbaycan daha açıq, pərdəsiz hiss etməyə başlayır. Heç bir sübut olmadan Azərbaycan xalqını AŞPA-da təmsil edən qrupun rəhbərinin fəaliyyət imkanlarının minimuma endirilməsi “milli dövlət iradəsi”nin əzilməsindən, “dövlətlərüstü iradə”nin gücləndirilməsindən, suverenliyin məhdudlaşdırılmasından başqa bir şey deyil.

Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Avropada fövqəldövlət tərəfdarlarının milli dövlətlərə necə təzyiq göstərməsinin anatomiyasını belə şərh edirdi. Aİ-nin suveren, milli dövlətlərin birliyi olmasını istəyən partiyaların hakimiyyətə gəldiyi ölkələrə təzyiq göstərildiyini qeyd edən M.Tetçer 2002-ci ildə yazırdı: “Bu vəziyyətlər üçün Avropa İttifaqının nazirlər Şurasına səlahiyyət verilib ki, Aİ üzvü dövlətdə “Azadlıq, demokratiya, insan haqları” və s. və i. prinsiplərinin “ciddi və davamlı pozuntular”nı müəyyənləşdirsin. Bunun ardınca həmin üzvün hüquqları tam və ya onların bir hissəsi dayandırılır. Nitsada (Fransa) siyasəti sərf etməyən dövləti təhdid etmək imkanları xeyli genişləndirildi. Belə ki, indi Nazirlər Şurası “ciddi pozuntuların aşkar riski” ifadəsi ilə hərəkət edə bilər. Bu mərkəzi hakimiyyətin milli demokratik seçim hüququnun məhdudlaşdırılması deməkdir”.

Məsləyə bir qədər də Dağlıq Qarabağ münaqişəsinin həlli aspektindən baxaq. 2018-ci ildə AŞPA-da Azərbaycan qrupunun rəhbərinə tətbiq edilən snaksiya 1992-ci ilin oktyabrında ABŞ Konqresindəki erməni dostlarının cəhdi ilə Azərbaycana qarşı snaksiyanı nəzərdə tutan 907-ci düzəlişin eynisidir. 1992-ci ilin oktyabrında Azərbaycan tərəfi ərazilərini müxtəlif ölkələrdən gəlmiş erməni terrorçularından təmizləyərək xeyli irəliləmişdi və elə bu zaman gözlənilmədən 907-ci düzəliş meydana çıxdı. İndi də Azərbaycanın Ermənistanla qarşıdurmada iqtisadi və hərbi üstünlüyünə daha biri əlavə olunmaqdadır: regionda geosiyasi vəziyyət Ermənistanın təklənməsinə doğru meyillənməkdədir. Elə bir şərait yarana bilər ki, Azərbaycan öz torpaqlarını hərbi və ya bəlkə də daha asan yollarla geri qaytara bilər. Bu işi görə bilmək üçün ölkəmizi iqtisadi, hərbi və geosiyasi üstünlüklərindən məhrum edə bilmirlər, bu o qüvvələrin iqtidarında deyil. Regiondakı geosiyasi atmosferə Türkiyə, Rusiya və İranın təsiri daha çoxdur. Odur ki, Azərbaycanın öz torpaqlarını qaytarması perspektivinin siyasi-ideoloji əsaslarını sarsıtmağa çalışırlar. Yaxın iki il məhz bu proseslərin sürətləndiyi illər ola bilər. Elə bu səbəbdəndir ki, “Ermənistanın daha demokratik” olması haqda mifi var-gücləri ilə yaymağa, Azərbaycanı isə bu müstəvidə gözdən salmağa çalışırlar.

Ancaq biz 92-ci ildəki xalq deyilik. Özümüzü nə qədər tənqid etsək də artıq əsən küləklərin kimin yelkəni üçün səmt, kimin yelkəni üçün əks külək olduğunu görə bilirik.

İbrahim Məmmədov, Tarix üzrə fəlsəfə doktoru
xüsusi olaraq APA Analitik Mərkəzi üçün



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...