1,2 milyon manatı ələ keçirən qadın susur: şirkət açmaq üçün alınan pullar kimdədir?

1,2 milyon manatı ələ keçirən qadın susur:

1 milyon 200 min manatlıq dələduzluq etməkdə ittiham edilən qadının psixi xəstə olduğu deyilirdi. İndi isə sağalıb və yenidən məhkəmə önünə çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın məhkəməsi keçirilib.

Hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, H.Allahverdiyeva qabaqcadan bir qrup şəxslə əlbir olaraq şirkət açmaq adı ilə 6 nəfərə qarşı dələduzluq edib.

Elan olunmuş ittiham üzrə H.Allahverdiyevanın mövqeyini öyrənmək mümkün olmayıb. Çünki o, ifadə verməkdən, danışmaqdan imtina edib. Xəstə olduğu deyilən Hicran Allahverdiyeva məhkəməyə əsgərlərin köməyi ilə gətirilib. Onun yeriməkdə və oturmaqda çətinlik çəkdiyi görünüb. Hətta o, dəmir barmaqlıqlar arxasında olan oturacaqda belə, otura bilməyib. Zərərçəkmişlər isə H.Allahverdiyevanın xəstə olmadığını deyiblər. İddia ediblər ki, H.Allahverdiyeva aldığı pulları başqa şəxslərə verib, amma indi onların adını çəkmir.

Hicran Allahverdiyevanın hüquqi varisi kimi onun həyat yoldaşı tanıyıb. O, arvadının 2014-cü ildən psixi xəstəliyinin olduğunu və müalicə aldığını deyib.

O, bildirib ki, arvadı gözəllik salonunda xadimə işləyib və onun kimlərəsə qarşı dələduzluq etməsini bilməyib: "Məni polisdən çağıranda getdim. Orda öyrəndim".

Məhkəmədə zərərçəkmiş Sədayə Xəlilova ifadə verib. Deyib ki, H.Allahverdiyevaya 347 min manat verib: "47 mini qızıl kimi almışam. Hicranla eyni salonda işləmişəm. İndi Hicran özünü xəstəliyə vurub. Əri deyir ki, salonda xadimə işləyib. Amma elə deyil. Hicran qeydiyyatda otururdu. Salonda bütün işləri o həll edirdi".

S.Xəlilova qeyd edib ki, Hicran Allahverdiyeva pulu salonun sahibi Ağa Məmmədovun adı ilə alıb: "Dedi ki, mən Ağa Məmmədovla şərik olacam. Hicran isə vasitəçi idi. Təbii bitkilərdən dərmanlar hazırlayan şirkətlər açacaqdılar. Mən daha sonra Ağa Məmmədovla da görüşdüm. Onu da deyim ki, pulların hamısı mənim deyil. Bacımın və bacımın qızının da qızılları ona verilib".

Zərərçəkmiş suallara cavabında qeyd edilən məbləği hardan almasını da izah edib: "Salonda gəlin paltarları tikirdim. Gecə-gündüz işləyirdim".

Digər zərərçəkmiş Lətifə Tapdıqova da məhkəmədə ifadə verib. O, 6500 manat zərər gördüyünü söyləyib. Qeyd edib ki, Hicran Allahverdiyevanın işlədiyi salonun yerləşdiyi küçəni süpürüb: "Mən ona o qədər aldadılacağımı bilmirdim. Süpürgəçi işləyirəm, hər gün onu görürdüm. Özü namaz qılırdı, başını bağlamışdı. Deyirdi ki, iki balamı qəbirə qoyum səni aldatmaram. Başımı səcdəyə qoyuram deyirdi. Mən də gözümü açandan nənələrimizin, analarımızın namaz qıldığını görmüşəm. Onların heç vaxt yalan danışdığını, kimisə aldatdığını görməmişəm. Bu Hicran mənim evimə gəlib gedən adamdır. Dedi ki, hansısa anbarda mal var. Satılmayıb qalıb. O malları götürüb satacaqdı. Yaxşı qazanc əldə edəcəkdi".

Zərərçəkmiş Afət Rəhimova məhkəmədə ifadə verən zaman 65 min manat zərər gördüyünü deyib. Həkim işləyən Afət bildirib ki, təbii bitkilərdən dərman hazırlanacaq şirkətin açılması üçün həmin məbləği Hicran Allahverdiyevaya verib.

Bildirək ki, ilk olaraq H.Allahverdiyevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinmişdi. Onun barəsində 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicə təyin edilmişdi.

Zərərçəkmiş şəxslərin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılmış, yenidən psixi ekspertiza keçirilərək H.Allahverdiyevanın sağalması barədə rəy verildi. Bundan sonra hökm ləğv edilib və işin yenidən araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarıldı. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib.

İttihama görə, H.Allahverdiyeva şirkət yaratmaq adı altında 6 nəfərdən 1,2 milyon manata yaxın pul alaraq onları aldadıb.

Xatırladaq ki, Hicran Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...