Xanəndələr Xan Şuşinskinin oğlu ilə bağlı təyinat barədə: “Çox sevindik...”

Xanəndələr Xan Şuşinskinin oğlu ilə bağlı təyinat barədə:

Modern.az saytının məlumatına görə, məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.
Belə ki, Aslan Cavanşirov 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Məşhur muğam ustadının oğlu ilə bağlı yeni təyinat tanınmış xanındələr tərəfindən də bəyənilib.

Xalq artisti, muğam ifaçısı Arif Babayev xəbəri eşidən kimi sevincini gizlədə bilməyib:

“Bu xəbəri eşidib dünyalar qədər sevindim. Nə gözəl xəbər verdiniz. Allah dövlətimizi, xalqımızı, cənab prezidentimizi, I vitse-prezidentimizi qorusun! Niyə də olmasın axı?! Bu cür insanların övladları da kənarda qalmamalıdır. Xan Şuşinski böyük xanəndə olub. Hər zaman xalqa xidmət edib. Belə xəbərlər eşidəndə adam sevinir. İnanıram ki, atası Şuşinski kimi Aslan oğlumuz da xalqa öz sahəsində xidmət edəcək. Xalqa xidmət etməyin növü yoxdur. Əsas odur ki, yaxşı işlərimizlə xalqa xidmət edək”.

Xalq artisti, muğam ifaçısı Canəli Əkbərov da xəbərə yalnız yaxşı mənadan yanaşdığını vurğulayıb:

“Xan Şuşinskinin oğluna vəzifə verilməsi müsbət addımdır. Bizdə heç nə hesab-kitabsız deyil. Hər bir məsələ diqqətlə, dəqiqliklə həyata keçirilir. Bu mənada Aslan müəllimə vəzifə verilibsə, onun üzərində çox düşünülüb, araşdırılıb və belə bir qərara gəlinib. İnanıram ki, atası Xan Şuşinski muğamlarımızla xalqa yaxın olduğu kimi, oğlu da xalqa layiqincə xidmət edəcək. Belə bir söz var. Hər bir məsələ genetik olaraq atadan oğula keçir. Bu da insanları duymağa, onları dərk etməyə zəmin yaradır. Bu da təbiidir”.

Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır. Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.

Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...