Tələbə oğlanlara kirayə ev niyə verilmir?

Tələbə oğlanlara kirayə ev niyə verilmir?

“Qızlar üçün kirayə ev” tipli elanlara Bakı şəhərində çox rast gəlinir. Son illər isə belə elanların sayı daha da artıb. Ali məktəbə qəbul olan oğlan tələbələrin əksəriyyəti məhz bu tip elanlar səbəbindən kirayə ev tapa bilmir. Bu gün evini kirayə verənlərin əksəriyyəti qız uşaqlarına üstünlük verir.

Səbəblər maraqlıdır, niyə oğlan tələbələrə kirayə ev verməkdən imtina edirlər?

Mövzu ilə bağlı Axar.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu qadağanın birbaşa səbəbkarı elə oğlan tələbələrin özləridir:

“Oğlanlara ev verilməməsinin səbəbi qızlarla müqayisədə evi təmiz saxlaya bilməmələri, evdəki əşyalarla olduqca kobud rəftardır. Bundan başqa, bir çox hallarda iki oğlan tələbənin götürdüyü mənzilə başqa oğlan dostlarını da gizli şəkildə yerləşdirirlər ki, bu da adətən evini kirayə verən insanın narahatlığına səbəb olur. Ümumiyyətlə, azərbaycanlı oğlanlar kirayə ev öhdəliklərinə riayət edə bilmir”.

Ekspert bildirib ki, azərbaycanlı oğlan tələbələrdən fərqli olaraq xaricdən gələn, hətta türkiyəli oğlan tələbələr belə rahatlıqla ev tapa bilir:

“Kirayə evi olanlar xarici, türkiyəli oğlan tələbələrə ev verməkdən imtina etmir. Ancaq azərbaycanlı oğlan tələbələrə ev vermək istəmirlər. Evini kirayə verənlərin bu düşüncəsini başa düşmək olar. Məsələn, türk tələbələr adətən özləri üçün cədvəl tərtib edir və bu cədvələ əsasən ev işlərini növbəli şəkildə görürlər. Belə olduğu halda ev də təmiz qalır. Bu gün kirayə evi olanlar xüsusilə türk tələbələrə məhz bu cür qayda, təmizlik səbəbindən üstünlük verir.

Digər ölkələrdən gələn tələbələrin daha asan ev tapmasına səbəb isə kirayə evi olanların belə şəxslərə evi baha qiymətə verə bilməsidir. Xaricdən gələn tələbələrin əksəriyyəti baha evlər götürə bilir. Həmçinin heç bir xarici, hətta türk tələbə azərbaycanlı gənclərlə eyni evi kirayələmir. Səbəb eynidir – ev təmizliyinə baxmamaq, əşyaları qorumamaq, çox halda evə başqa dostları da dəvət etmək”.

E.Fərzəliyev bildirib ki, azərbaycanlı gənc oğlanlar iki halda ev tapa bilir:

“Bizim gənc oğlanlara ya olduqca bərbad vəziyyətdə olan, ucuz qiymətə təklif edilən, ya da baha olduğu üçün boş qalan evlər verilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...