2016-cı ilin büdcəsi korrupsiyaya qarşı nə qədər davamlı olacaq? - Ekspert rəyi

2016-cı ilin büdcəsi korrupsiyaya qarşı nə qədər davamlı olacaq? - Ekspert rəyi


Vüqar Bayramov: “Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ən uğurlu modeli proseslərin elektronlaşdırılması ilə bağlıdır”

“Gələn ilin dövlət büdcəsində korrupsiya imkanları məhduddur”. Bu sözləri PİA.AZ-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov 2016-cı ilin büdcəsinin korrupsiyaya nə qədərə davamlı olacağını dəyərləndirərkən bildirib.


Əvvəlki illərdə olduğu kimi, məmurlar büdcəni talan etməkdə davam edərlərsə, Azərbaycanda maliyyə və büdcə böhranının yaranması nə qədər mümkündür? Azərbaycanda korrupsiyanın məhdudlaşdırılması adminstrativ, yoxa islahatlar vasitəsilə mümkündür? PİA.AZ əməkdaşının bu suallarını cavablandıran ekspertin fikrincə sosial təyinatlı vəsaitlərdə korrupsiya mümkün deyil. 2016-ci ilin büdcə xərclərini sosial xərclər adlandıran iqtisadçı Vüqar Bayramovun fikrincə, gələn il Azərbaycanda büdcə böhranının olacağı da gözlənilmir:

“2016-cı ilin dövlət büdcəsinin sosial təyinatlı xərclərin həcmində azalmalar qeydə alınmadı. Əksinə 2016-cı ilin dövlət büdcəsində sosial təyinatlı vəsaitin həcmi 41,9 milyon manat artdı. Maliyyə infrastrukturu və kapital xərclərində azalmalar qeydə alındı. Bu baxımdan 2016-ci ilin dövlət büdcəsi sosial büdcə olduğuna görə korrupsiya elementləri olduqca az olacaq. Çünki sosial təyinatlı vəsaitlərdə korrupsiya mümkün deyil. Büdcədən pensiya üçün nəzərdə tutulan vəsait kartlara yönəldilir. Ümumi büdcə xərclərinin 21.7%-i və ya 3.5 milyard manat birbaşa əmək haqqının ödənməsi xərcidir. 11.2% təqaüdlər və ya sosial təyinatlar üçün nəzərdə tutulur. Yəni birbaşa ünvanlı vəsaitlər olduğuna görə korrupsiya mümkün deyil. Gələn ilin dövlət büdcəsində korrupsiya imkanları məhduddur. 2016-ci ildə mövcud büdcə tərtib olunarsa, büdcənin sosial yeniliyini nəzərə alaraq korrupsiyaya yol verəcək xərclərin məhdudlaşacağı proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsinin strukturu büdcə xərclərinin daha səmərəli istifadə olunacağından xəbər verir”.

Vüqar Bayramov: “Korrupsiyaya qarşı mübarizədə həm adminstrativ, həm də islahatlar metodu vacibdir”

Ölkədə korrupsiyaya qarşı mübarizənin ən uğurlu metodunun elektronlaşma olduğunu bildirən Vüqar Bayramova görə, ASAN xidmət korrupsiyanı minimum həddə çatdırır:

“Korrupsiya dünyanın hər bir ölkəsində var. Bunu nəzərə alsaq, korrupsiyaya qarşı mübarizədə həm adminstrativ, həm də islahatlar metodu vacibdir. İnzibati metodların istifadə edilməsi önəmlidir. İnzibati metodlar imkan verir ki, korrupsiyaya uğramış insanların inzibati yolla cəzalandırması həyata keçirilsin və korrupsiyanın qarşısını almaq mümkün olsun. Eyni zamanda maarrifləndirici və təşviqedici metodlara ehtiyac var. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ən uğurlu modeli proseslərin elektronlaşdırılması ilə bağlıdır. ASAN xidmətin yaradılması yolu ilə korrupsiyanı minimumlaşdırılması strategiyası var. Bu baxımdan elektronlaşma və müasir, qabaqcıl texnologiyadan istifadə edilməsi, daha çox elektorn internet üzərindən ünsiyyət qurulması korrupsiyaya qarşı mübarizənin əsas elementidir. Praktik olaraq, ASAN xidmətin səlahiyyətlərinin genişləndirilməsi korrupsiyanın minimuma enməsinə imkan yaradır. Məsələn, şəxsiyyət vəsiqəsinin alınması və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi həm zaman tələb edirdi, həm də əlavə ödənişlərin edilməsinə şərait yaradırdı. Praktik olaraq, prosuderlərin sayı çox idi və bu tip xidmətlərin ASAN xidmətə verilməsi korrupsiyanın tamamən aradan qaldırılmasına, prosuderlərin asanlaşdırılmasına və vaxta qənaət edilməsinə imkan yaratdı. Növbəti illərdə də ASAN xidmətin səlahiyyətlərinin genişləndirilməsi imkan verəcək ki, elektronlaşma yolu ilə korrupsiyanı aradan qaldırmaq mümkün olsun. Ona görə də inzibati, monitorinq metodları ilə yanaşı, daha çox ASAN xidmətin səlahiyyətlərini genişləndirmək lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...