Ölkəsində öldürülmək istənən Maduro Bakıda cangüdənsiz gəzir - "Bu, Azərbaycanda ictimai-siyasi sabitliyin göstəricisidir"

Ölkəsində öldürülmək istənən Maduro Bakıda cangüdənsiz gəzir -

Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə görüşündən sonra sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə ötürən Venesuela lideri Nikolas Maduronun xanımı ilə həmin günün axşamı bulvarda gəzintiyə çıxması kifayət qədər maraqla qarşılandı.

Maduro həmin prezidentdir ki, ölkəsindəki etirazçıların əlinə keçsə, bəlkə də onu Müəmmar Qəddafi kimi diri-diri parçalayarlar. Təbii ki, Madurodan narazılar olduğu qədər tərəfdarları da az deyil.

Amma reallıq budur ki, Venesuela prezidenti öz vətənində Bakı bulvarında olduğu kimi sərbəst, rahat gəzə bilməz. Bu, Azərbaycanın sabit, təhlükəsiz bir ölkə olduğu mesajını verən hadisəydi, yoxsa Maduro paytaxtda yüksək səviyyədə mühafizə edildiyinə görə arxayın şəkildə gəzməyə çıxmışdı?

Deputat, politoloq Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, əvvəla Maduroya münasibətdə ABŞ və Qərb dövlətlərinin fərqli mövqeyi var: “Amma unutmaq olmaz ki, Maduronun Venesuelada ciddi dəstəyi var. Əks halda, onu devirmişdilər.

İkincisi, Venesuala 2016-cı ildən Bakı sammitinə qədər Qoıulmama Hərəkatına sədrlik edirdi. Bəzi beynəlxalq siyasi dairələrin qəbul etmədiyi Maduronu 120 dövlət prezident kimi tanıyır. O ki qaldı Maduronun bulvarda gəzməsinə, bu, Azərbaycanda ictimai-siyasi sabitliyin, təhlükəsizlik mühitinin və inkişafın göstəricisidir.

Yəqin ki, Maduro öz vətənində ağız dolusu Azərbaycandakı sabitlikdən danışacaq və xalqın prezidentini dəstəklədiyini söyləyəcək. Çünki milli maraqlar İlham Əliyev üçün əsasdır".

E.Nəsirovun sözlərinə görə, Maduro bu mənzərədən müəyyən nəticələr çıxara bilər: “O, bu sabitliyi görməklə anlaya bilər ki, ölkədə sabitlik və təhlükəsizlik mühiti hansı şəkildə qurulur”.

Qeyd edək ki, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Venesuela prezidenti Nikolas Maduro Bakının Dənizkənarı Milli Parkında olub.

Maduro həyat yoldaşı ilə bulvar gəzintisindən videonu sosial şəbəkədə paylaşıb. O, sammitin uğurla keçdiyini və Venesuelaya qayıdaraq yeni qələbələr uğrunda çalışmağa hazır olduğunu bildirib.
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...