İsgəndər Həmidovdan sonra siyasətdən kimlər gedəcək...

İsgəndər Həmidovdan sonra siyasətdən kimlər gedəcək...

Xəbər verdiyimiz kimi, sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) qurucusu İsgəndər Həmidov siyasətdən uzaqlaşıb. Bu barədə açıqlamasında İsgəndər Həmidov bildirib ki, həkimlərin məsləhəti ilə yenidən-üçüncü dəfə əməliyyat olunmalıdır. Yaşına və səhhətinə görə həkimlərin məsləhəti ilə siyasətdən uzaqlaşmaq qərarını verib.

Bəzi müxalifət partiyalarının sədrləri İsgəndər Həmidovun siyasətdən gedişinə münasibət bildiriblər.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, İsgəndər Həmidovun siyasətdən uzaqlaşmasını istəyənlərdən deyil. Lakin İsgəndər Həmidov səhhətinə görə bu qərarı veribsə, onun qərarına hörmətlə yanaşır: “İsgəndər Həmidov sistem işçisi, güc nazirliyinin başçısı olmuşdu. Siyasətə də sistemdən gəlmişdi. Uzun illər siyasətdə olduğu bu müddətdə də sistem adamı olduğunu hiss etdirirdi. İsgəndər Həmidov siyasi fəaliyyəti dövründə, xüsusən də uzunmüddətli həbsxana həyatından sonrakı dövrdə çox cəhdlər etsə də istədiyi siyasi uğurlara, nəticələrə çata bilmədi. Şübhəsiz ki, burada obyektiv amillər də xeyli rol oynadı. Son vaxtlar isə səhhətində yaranan problemlərin onun siyasi fəaliyyətinə mane olduğu müşahidə edilirdi. İsgəndər Həmidovun siyasətdən getməsi, məncə, sarsıdıcı boşluq yaratmayacaq".

S.Cəlaloğlu onu da dedi ki, şəxsən özü hələ 2005-ci ildə siyasətdən getmək istəyib: “O zaman indikindən 14 il cavan idim, səhhətimdə də heç bir problem yox idi. Ancaq 2005-ci ildə parlament seçkilərindən sonra siyasətdən getməyi qərara almışdım. O vaxt Lalə Şövkət, Əli Kərimli və İsa Qəmbər mənim bu qərarımın əleyhinə çıxdılar. Mənim getməyimin müxalifət cəbhəsində böyük problem yaradacağını dedilər. Onlar məndən xahiş etdilər ki, bu qərarımı dəyişim. Mən də o zaman düşündüm ki, özümə görə əlverişli olan qərarım dostlarıma ziyan vuracaqsa, getməyim. Ona görə ”Azadlıq bloku"ndakı həmin dostların xeyrinə siyasətdə qaldım.

Mən dəfələrlə partiya daxilində də təklif etmişəm ki, partiya sədrliyinə iddialı kim varsa, mən onun xeyrinə istefa verə bilərəm. Konkret siyasi vəsiyyətim yoxdur. Amma həmişə yaxın ətrafımda olan adamlarla partiyanın necə idarə olunması ilə bağlı tövsiyələrimi vermişəm. Çünki bir zaman gələcək, mən də siyasətdən gedəcəm".

İsgəndər Həmidova Allahdan şəfa diləyən AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, siyasətdən getmək qərarı hər kəsin özünün azad şəkildə verməli olduğu qərardır. Əgər bu məsələdə həkimlərin də tövsiyəsi varsa, o halda bu mütləq nəzərə alınmalıdır: “İstənilən halda İsgəndər bəyə uğurlar arzulayıram. Düşünürəm ki, yaşını və səhhətini nəzərə alsaq doğru qərardır. İsgəndər Həmidov onsuz da indiyə qədər Azərbaycan siyasi tarixinə öz töhfəsini vermiş və bu tarixdə özünəməxsus yer qazanmış biridir. Bundan sonra həyatını istirahətə və sağlamlığı ilə bağlı işlərə həsr edə bilər”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə qeyd etdi ki, İsgəndər Həmidova cansağlığı arzulayır və aralarında bir ara yaşanan narazılıqlara baxmayaraq ona qarşı kini yoxdur: “Tanrı köməyi olsun. İsgəndər bəy 2008-ci ildə də siyasətdən getdiyini bildirmişdi və bütün boz qurdları mənim ətrafımda birləşməyə çağırmışdı. Sonra qayıtdı və nələr, nələr... Bütün bunlara rəğmən mənim ona qarşı kinim, küdurətim yoxdur. Allah köməyi olsun. Şəxsən mənim siyasətdən gedib-getməyəcəyimə gəlincə, biz siyasətdə sözümüzü hələ demək fikrindəyik”.
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...