Macarıstan XİN: Azərbaycan "Vişeqrad qrupu" üçün strateji tərəfdaşdır

Macarıstan XİN: Azərbaycan "Vişeqrad qrupu" üçün strateji tərəfdaşdır

"Vişeqrad qrupu" əməkdaşlığı genişləndirmək məqsədi ilə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" layihəsinin iştirakçı ölkələri ilə daim məsləhətləşmələr aparır".

"Report" xəbər verir ki, bunu Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin siyasi direktoru İstvan Balox Avropa İttifaqı-Azərbaycan münasibətlərinə həsr olunmuş Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən "dəyirmi masa"da deyib.

"Hesab edirəm ki, Azərbaycan "Vişeqrad qrupu" üçün strateji tərəfdaşdır. Ölkələrimiz həmişə "Şərq Tərəfdaşlığı" layihəsinin inkişafını dəstəkləyib", - İ.Balox bildirib.

Onun sözlərinə görə, hazırda Avropada "Şərq Tərəfdaşlığı"nın gələcəyi, tərəfdaşlıq forması barədə fəal müzakirələr getsə də, layihə ilə bağlı bir sıra məsələlərdə güclü konsensus mövcuddur.

Macarıstan XİN nümayəndəsi bildirib ki, Azərbaycan həmişə öz suverenliyini və müstəqilliyini vurğulayıb, bu da ölkənin layihəyə baxışına və layihədəki roluna təsir göstərir.

Çexiya Xarici İşlər Nazirliyinin siyasi direktoru David Konetski "Vişeqrad qrupu"nun Avropa istiqamətli siyasətin inkişafına sadiq olduğunu xatırladıb: "Bundan əlavə, biz həmçinin ənənəvi olaraq qonşularımız və Balkan ölkələri ilə sıx əməkdaşlıq edirik".

O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionuna turne çərçivəsində sonuncu ölkədir: "Bu gün region ölkələrinin hansı problemlərlə üzləşdiyini, bölgədə hansı problemlərin mövcud olduğunu, region ölkələrin necə qarşılıqlı münasibətlər qurduğunu bilməkdə maraqlıyıq".

Polşa Xarici İşlər Nazirliyinin siyasi direktoru Kirill Kozaçevski isə qeyd edib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramı kontekstində mühüm regional oyunçudur: "Bu gün "Vişeqrad qrupu" və Avropa İttifaqı proqram çərçivəsində əməkdaşlığın formalaşdırılması üzərində işləyirlər. Avropanın digər ölkələrə münasibətdə müxtəlif yardım, o cümlədən maliyyə yardımı edilməsi üzrə layihələrin həyata keçirilməsindəki mövqeyi açıq-aydındır. Avropa əməkdaşlıq çərçivəsində bütün ölkələrə hörmət edir".

Polşa XİN nümayəndəsi "Vişeqrad qrupu"nun "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinə Avropa məkanına inteqrasiya üçün bir sıra problemlərin həllində kömək edəcəyini bildirib.

"Məncə, gələcəyə dair baxışlarımızı aramızda bölüşmək çox vacibdir. Əlbəttə, "Vişeqrad qrupu" "Şərq Tərəfdaşlığı" ölkələri ilə iqtisadi əlaqələrin inkişafında, müxtəlif qlobal infrastruktur layihələrinin hazırlanmasında maraqlıdır", - K.Kozaçevski diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...