Könülsüz doldurulan tamaşaçı zalları - Və ya teatrlara maraq niyə azalıb?

Könülsüz doldurulan tamaşaçı zalları  -

“Teatrlarda hər min nəfərə düşən tamaşaçı sayına görə, Azərbaycan ən yaxın qonşularından belə geri qalır. Bu faktdır. Azərbaycan teatında marketinq və PR sistemi inkişaf etməyib. Hələ də tamaşaların normal anonsu hazırlanmır. Bu, az əhəmiyyətli məsələ deyil”.

Bu fikirləri Modern.az-a açıqlamasında “Yuğ” Dövlət Teatrının ədəbi hissə müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov teatrlara marağın az olmasına münasibət bildirərkən deyib.

O, hesab edir ki, teatr tamaşaçısını tanımalı, onun istəyini təmin etməyi bacarmalıdır: “Məhsulun təqdimatı da, onun keyfiyyəti qədər əhəmiyyət kəsb edir.

Bizdə cəmi bir neçə tamaşa olub ki, camaat açıq kassadan bilet alıb gəlib baxıb. Əksər hallarda isə tamaşaçı zalı hansısa müəssisə heyətinin könülsüz iştirakı hesabına dolur.

Təbii ki, stimul olmayan yerdə, alternativ olmayan yerdə inkişaf mümkün deyil. Ölkədə on şkala üzrə geyim mağazaları var. Ancaq teatr sahəsində yekrənglik hökm sürür. Tamaşanın istehsalı və post-prodakşn mərhələsi bir-birilə bağlı məsələlərdir.

Bilirsiz, bizim teatrların tamaşaları, aşağı-yuxarı eynidir. Hansısa fərqli estetikadan söhbət gedə bilməz. Doğrudur, özəl teatrlar yaranıb, amma fərq sadəcə məkanda və addadır. İstər oyun üslübu, istər rejissor ideyası, istərsə də ümumi estetika baxımından hamısı bir-birini təkrarlayır”.

Elçin Cəfərovun fikrincə, teatra marağın artması üçün dəqiq strategiyaya söykənən silsilə tədbirlər həyata keçirilməlidir:

“Teatrın repertuar məsələləri, kadr defisiti, maddi-texniki problemləri həll olunmalıdır, teatrların dəqiq fəaliyyət planı işlənib hazırlanmalı, prodüserlik strukturu formalaşdırılmalı, peşəkar marketinq və PR sistemi qurulmalı, KİV-də teatr sənətinin təbliğinə geniş yer ayrılmalı, ölkədə konkret olaraq, teatr sənəti ilə məşğul olan elektron və kağız mətbuatı formalaşdırılmalı, hətta bir yox, bir neçə teatr jurnalı, qəzeti, saytı yaradılmalı, teatr sosiologiyası inkişaf etdirilməlidir. Yalnız bundan sonra teatr sənətinin inkişafından, tamaşaçının bu sənətə marağının artmasından danışmaq mümkündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...