Maska taxmayan uşağa görə valideyni cərimələnəcək: - “Bu birmənalıdır”

Maska taxmayan uşağa görə valideyni cərimələnəcək: -

Milli Məclis tibbi maskalardan istifadə edilməməsinə görə cəriməni təsdiqləyib.

Milli Məclisin dünənki növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib. Məcəlləyə edilən dəyişikliklə karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Maraqlıdır, maska taxmayanların cərimələnməsi ilə bağlı qərar 18 yaşdan aşağı yaş kateqoriyasına da şamil olunurmu?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında sözügedən qərarın körpə uşaqdan ən yaşlı insanlara qədər hamısına şamil olunduğunu deyib:

“Bu qərarla bağlı yaş məhdudiyyəti yoxdur. Çünki koronavirus yaş kateqoriyasını nəzərə almır. Körpə uşaqdan ən yaşlı insana qədər bu virusa yoluxma ehtimalı var. Təbii ki, yaşlı insanlarda bu risk daha güclüdür. Amma buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə uşaqlar da, yeniyetmələr də bu bəlaya yoluxurlar. Qoruyucu vasitə olan maska ilə bağlı qanunda yaş kateqoriyası göstərilmir. Gəlin məsələni elə qoyaq ki, insanlar cərimələnməsin. Qanunun da fəlsəfəsi əslində budur. Maskadan istifadə edin ki, 50, 100 və 200 manat cərimələnməyəsiz. Əgər uşaq maska taxmırsa, onlara görə valideynləri cərimələnəcək. Bu birmənalıdır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...