“Azərsu” sədri su qıtlığı barədə: “Bir sıra mənbələr tikililərin altında qalıb”

“Azərsu” sədri su qıtlığı barədə: “Bir sıra mənbələr tikililərin altında qalıb”

“Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə ölkəmizdəki su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov su problemi ilə bağlı keçirilən dinləmədə deyib.

O bildirib ki, Azərbaycanın əsas su mənbələri olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır.

Bildirək ki, Azərbaycan su məsələsi ilə bağlı 17 konvensiyaya qoşulub, qonşu ölkələrdən Ermənistan və Gürcüstan isə həmin konvensiyalara qoşulmayıblar.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib.

O, su ilə bağlı məsələlərin geniş müzakirəyə çıxarılmasına şərait yaratdığı üçün Milli Məclisin rəhbərliyinə, spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Q.Hüseynov qeyd edib ki, hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir.

“Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir edir”, - deyə “Azərsu” sədri əlavə edib.

Onun sözlərinə görə, ölkədə su balansı artıq hazırlanıb və ilkin təsdiqə verilib:

“Su balansının gələcəkdə daha təkmilləşməsi istiqamətində işlər görüləcək, ölçmə metodları daha yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Bu sənəddə ölkə üzrə olan bütün suların uçotu, qeydiyyatı, hərəkəti, itkiləri və səmərəliliyi tam qiymətləndirilə biləcək”.

Q.Hüseynov söyləyib ki, Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır:

“Bu, o deməkdir ki, bizim şirin sulara əlçatanlığımız daha böyük investisiya tələb edir”.

“Azərsu” sədri bildirib ki, son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, həmin göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə böyüyüb:

“Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür”.

“Azərsu” sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb. Bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...