Avtobuslardakı sıxlığa görə kim məsuliyyət daşıyır? – BNA-dan sərt XƏBƏRDARLIQ

Avtobuslardakı sıxlığa görə kim məsuliyyət daşıyır? –

Artıq beş aydır ki, Azərbaycanda karantin rejimi hökm sürür. Bu isə vətəndaşlar arasında hər mənada gərginliyi artırır. Nəqliyyat vasitələri ilə bağlı tətbiq olunan məhdudiyyətlər isə bu gərginliyi pik həddə çatdırır. Belə ki, uzun müddətdir ki, ictimai statusundan asılı olmadan əksər vətəndaşlar sosial şəbəkələrdə avtobuslardakı sıxlıqla bağlı narazılıq edirlər. Çünki bir tərəfdən ölkədə sosial məsafənin qorunması ilə bağlı təbliğat aparılsa da, digər tərəfdən avtobuslarda ayaq qoymağa yer tapılmır.

Vətəndaşların iradına cavab verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev müəyyən xətlərdə sərnişin sıxlığı müşahidə olunduğunu etiraf edib:

“Bildirim ki, hazIrda sərnişindaşımaları yalnız ictimai nəqliyyatın bir növü olan avtobuslarla yerinə yetirilir. Müntəzəm xətlərlə yanaşı əlavə 7 sayda ekspres xətt fəaliyyət göstərir. Bütün xətlər üzrə gündəlik təxminən 2000-ə yaxın avtobus xəttə buraxılır. Hər gün yüzlərlə əməkdaş sərnişindaşımalarının təşkilinə cəlb olunur. Bakı Nəqliyyat Agentliyi bütün səy və qüvvəsini pandemiya şəraitində sərnişindaşımaların təşkilinə yönəldib. Lakin bəzi daşıyıcılar tərəfindən qoyulan tapşırıqlara əməl olunmaması halları var. Bununla əlaqədar bir neçə dəfə daşıyıcı şirkət "Çinar-Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub. Avtobusların sayının pandemiya şərtlərinə uyğun tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Ən son ötən həftə analoji vəziyyətlə bağlı izahatı alınıb. Ümumilikdə bildirim ki, bu xətt sərnişinlərin daha çox narazı qaldığı xətlərdəndir. Təbii əgər daşıyıcı üzərinə düşən vəzifə borcunu düzgün icra etmirsə və sərnişindaşıma qaydalarına uyğun olmayan formada işini qurursa, o mütləq şəkildə daşımalardan kənarlaşdırılmalıdır. Ən son 11, 24 və 30 nömrəli xətlər üzrə bu addım atılıb”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, mövcud vəziyyətdə təqsirkar nə avtobus sürücüsü, nə də daşıyıcı şirkət deyil: “Heç bir sürücü bu pik saatlarda salonun içindəki insanlara nəzarət edə bilməz. Bu, mümkünsüzdür. Çünki avtobus sürücüsünün başlıca vəzifəsi avtobusu təhlükəsiz şəkildə idarə etməkdir. Tutaq ki, o, güzgüdən salonun içərisində 50-70 adamın olduğunu görür, bu qədər insan arasında hansı maarifləndirmə işini apara bilər? Avtobus sürücüsü bu məsələdə səlahiyyəti olmayan bir nömrəli şəxsdir. Çünki biz bilirik ki, neçə dəfə avtobus sürücüsü sərnişinə maskanın taxılması ilə bağlı irad bildirdikdə zorakılığa məruz qalıb. Halbuki sərnişinə bu xəbərdarlığı etmək sürücünün vəzifəsidir. Əgər şəxs mübahisəyə girib sürücünü təhqir etməkdən çəkinmirsə, nəyə görə məsuliyyəti sürücü daşımalıdır? Sürücü üzərinə düşən öhdəliyi yerinə yetirir. Burada problem sərnişindədir. Həmçinin daşıyıcışirkətlə bağlı da məsələni izah edib. Əgər daşıyıcı şirkətə qayda pozuntusu ilə bağlı hər hansısa bir irad bildirilibsə, bunu tam araşdırmaq lazımdır. Ola bilməz ki, bir şirkətdə belə hal yaşansın, digərində yox. Bu kimi hallar əksər avtobuslarda var. Hətta “BakuBus”ın öz avtobuslarında da qayda pozuntuları var. Smart kartsız olan, maska taxmayan, sosial məsafəni qorumayan sərnişinlər var... Bunu tək daşıyıcı şirkətin ayağına bağlamaq doğru deyil”.

Ekspert vurğulayıb ki, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil: “Düzdü, hamı sərt cərimə sanksiyalarından danışır, hətta hansısa bir avtobusun xəttən kənarlardırılması barədə də söhbətlər gedir. Amma gəlin görək bizim bu gün yollarda hərəkət edən avtobusların sayı sərnişinlərin sayına nə dərəcədə adekvatdır? Biz bilirik ki, burada çatışmazlıq var. Metropoliten bağlıdır. Pandemiya dövründə ondan istifadə edən insanların sayı gündəlik 240-250 min nəfər idi. Hazırda bu şəxslər avtobuslara üz tutur. Bu gün 2500 civarı avtobus hərəkətdədir, amma bu da çatmır. Çoxlu sayda insan avtobusun azlığından əziyyət çəkir. Biz belə vəziyyətdə insanlara tövsiyyə edirik ki, sıxlıq olan avtobuslara minməsinlər. Mən özüm də bunu edirəm. Bir neçə avtobus ötürürəm. Bu günlərdə jurnalistlərdən biri ilə rastlaşdıq. Bildirir ki, 4-cü avtobusa minə bilib və işə gecikdiyi üçün müdir ona irad tutub. Burada qarşılıqlı anlaşma olmalıdır. Bu gün iş yerlərində müdiriyyət də vəziyyətdən xəbərdardır. Onlar ilk növbədə kollektivin sağlamlığını üstün tutmalıdırlar. Əgər bir nəfər virusa yoluxsa, digərləri də yoluxacaq. Ona görə də müəssisə rəhbəri birmənalı şəkildə işçilərindən sıxlıq olan avtobuslardan istifadə etməmələrini tələb etməlidir. Bunun üçün müəyyən vaxtı güzəştə getməlidir. Biz məhsuldarlıqdan, sağlam mühitdən danışırıqsa, müdiriyyət və işçilər, sərnişinlər və ictimai nəqliyyat, o cümlədən aidiyyəti qurumlar arasında qarşılıqlı anlaşma mütləqdir”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...