Hökumət yeni büdcəyə daha ehtiyatlı yanaşıb - TƏHLİL



Hökumət yeni büdcəyə daha ehtiyatlı yanaşıb -



“Məlum olduğu kimi, Maliyyə Nazirliyi 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb.

Həmin açıqlamaya görə, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən, neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

Qeyd edək ki, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır. Büdcə gəlirlərinin 57,3 faizi neft sektorunun, 42,7 faizi isə qeyri-neft sektorunun payına düşür. Aşağı neft qiymətləri xərclərin azaldılmasını şərtləndirməyib. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 milyon manat vəya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi isə 42 faiz təşkil etməsidir.

Həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2.351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Beləliklə, illərdir ki, qarşıya qoyulan məqsədə - dövlət büdcəsinin formalaşmasında neft gəlirlərinin azaldılmasına nail olmaq mümkün olmur. Əksinə, pandemiya şəraitində qeyri-neft sektorunun gəlirlərinin azalması büdcənin yarıdan böyük hissəsinin neft gəlirləri hesabına formalaşmasını labüd edib.

Bəs aşağı neft qiymətləri büdcənin icrasında gələcəkdə problem yarada bilər?

İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, makroiqtisadi məlumatlar əsasında 2021-ci ilin büdcə proqnozuna təhlil etdikdə, hökumətin fiksal sənədin hazırlanmasına daha ehtiyatlı yanaşdığı aydın olur:

“Bu səbəbdən də neftin bir barelinin qiyməti 35 dollardan göötürülüb. Nəzərə almaq lazımdır ki, 2021-ci il üçün beynəlxalq təşkilatların neftin qiyməti ilə bağlı proqnozları 40-58 dollar arasında dəyişir. Məsələyə bu konteksdən yanaşdıqda hələlik dövlət büdcəsinin icra edilməsində böyük risk yoxdur. Amma təbii ki, büdcə gəlirlərinin 57 faizdən çox hissəsi neft sektoru hesabına formalaşacaq. Bunun özü müəyyən qədər dövlət büdcəsinin xarici fruktasiyalara dayanıqlığını zəiflədən faktor kimi çıxış edir. Amma düşünürəm ki, faktiki olaraq neft qiymətinin 35 dollardan götürülməsi riskləri müəyyən qədər minumullaşdıracaq. Neftin qiymətinin bundan aşağı olması qısamüddətli dövr üçün mümkündür, amma uzunmüddətli dövrdə olması gözlənilmir”.

İqtisadçı hesab edir ki, ona görə də bu qiymətlərlə tərtib edilmiş büdcədə hər hansı riskin olması gözlənilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...