“Millətin ayağından daş kimi asılıb qalmış adamlar...” - Qulu Məhərrəmli

“Millətin ayağından daş kimi asılıb qalmış adamlar...” -

Sentyabrın 27-si başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyəti misli görülməmiş həmrəylik nümayiş etdirdi. Kimi 80 yaşında ayağındakı yırtıq ayaqqabıya məhəl qoymadan pensiyasını orduya bağışladı, kimi cehiz yorğan-döşəyini əsgərlərimizə göndərdi, kimi də silah yoldaşlarının övladları yetim qalmasın deyə, sinəsini onlara sipər edib şəhid oldu. Hətta aralarında ürəyində qəlpə ola-ola ürəyini vətənə qurban deyənlər də vardı. Azərbaycan xalqına qələbə sevincini yaşadan da məhz bu birlik oldu.

Maraqlıdır, bu həmrəyliyi davam etdirmək üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli qeyd edib ki, bu, cəmiyyətin strateji inkişaf, gələcəkdə görüləcək işlərin bünövrəsi ilə bağlı olan məsələdir:

“İkinci Qarabağ müharibəsində Azərbaycan təkcə hərbi-siyasi qələbə qazanmadı, həm də bir millət olaraq özünü ifadə elədi. Yəni siyasi mövqeyindən, sosial vəziyyətindən, fərqli dünyagörüşündən asılı olmayaraq hamı mütəşəkkil bir cəmiyyət halına gəldi. Bu cür birliyə tarixdə çox az rast gəlinir. Hazırkı vəziyyəti 1980-cı illərin sonunda Qarabağ məsələsi başlayan dövrlə müqayisə etsək görərik ki, onda daha çox emosiya rol oynayırdısa, indi rasional faktorlar mühüm yer tutur. Ona görə də hazırda əsas məsələ birliyi qorumaqdır. Bunun üçün isə normal cəmiyyət quruculuğu olmalıdır. Hakimiyyət öz işi ilə məşğul olmalı, cəmiyyətin müxtəlif sosial qatları problemlərə baxışında ən düzgün kriteriyaları götürməlidir. Normal və sağlam müxalifət olmalıdır ki, cəmiyyətdə dialoq bu müstəvidə getsin. Bu, bizi gələcəyə aparan bir məsələdir”.



Professor hesab edir ki, yaranmış vəziyyətdə Azərbaycanın ən böyük qazancı cəmiyyətin bir toplum halına gəlməsidir:

“Bunu qorumaq lazımdır. Qorumaq üçün də qarşılıqlı təhqirlər, əsassız ittihamlar bir kənara qoyulmalıdır. İnsanlar normal şəkildə öz işlərini görməlidirlər”.

Qulu Məhərrəmli vurğulayıb ki, həmrəyliyin pozulmasında ilk olaraq məmur özbaşınalığ əsas yer tutur:

“Korrupsiya faktları, vəzifədən sui-istifadə də burada mühüm rol oynayır. Bunlar çox ciddi məsələlərdir. Çünki sıravi vətəndaş həmin o məmurların simasında dövləti, hakimiyyəti görür. Ona görə də məmur vəzifəsindən sui-istifadə edəndə, rüşvətə əl atanda, ədalətsizliyə yol verəndə bütün bunlar dövlətin və dövlət başçısının adına yazılır. İndiyədək kim nə edibsə, edib. Amma bu gündən sonra onlar başa düşməlidirlər ki, xalqın kredit kimi verdiyi etibarlılığı ciddi şəkildə qoruyub-saxlamaq lazımdır”.

Həmsöhbətimiz bildirib ki, müharibədən əvvəl ölkədə aparılan islahatların cəmiyyətin inkişafında ciddi təsiri olub:

“Bütün cəmiyyət bunu gördü. Bu millətin ayağından daş kimi asılıb qalmış adamlar var idi ki, yüksək vəzifə tuturdular və cəmiyyətə ciddi təsirləri vardı. Onların kənara atılması ilə sanki suyun qabağı açıldı, Azərbaycan strateji hədəflərinə daha ciddi yanaşmağaq başladı. Mənə elə gəlir ki, geriyə yol yoxdur. Biz qarşımızda dayanan ciddi problemləri yalnız və yalnız bu birliyin hesabına həll etməliyik. Ona görə də ilk növbədə məmurlar, vəzifə sahibləri öz davranışlarında çox diqqətli və həssas olmalıdırlar”.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...