Məşhur Çoban Xanışın bir Vətən uğrunda canını verən iki nəvəsi...

Məşhur Çoban Xanışın bir Vətən uğrunda canını verən iki nəvəsi...

Azərbaycan xalqının və dövlətinin, onun şanlı ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı Vətən savaşında nə qədər ağır və sarsıdıcı olsa da bir ailədən iki şəhid verənlər də oldu. Bunlardan biri də lerikli, bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhur olan, “çoban Xanış” kimi tanınan mərhum Xanış kişinin nəvələri Elgün və Altay qardaşları oldu.

Onlar müharibə başlanandan dərhal sonra cəbhəyə yollanıblar, döyüşlərdə fəal iştirak ediblər. Elgün müharibənin ilk günlərində düşmən gülləsinə tuş gəlib. O, sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Lerik torpağı 2-ci Qarabağ müharibəsinin ilk şəhidini - 18 yaşlı Elgünü qoynuna alıb...

Məşhur Çoban Xanışın bir Vətən uğrunda canını verən iki nəvəsi...


Müddətdən artıq xidmət edən hərbi qulluqçu olan qardaşı , 20 yaşlı Altayın qardaşının ölümündən xəbəri olmayıb. Elgünün ölüm xəbərini təsadüfən döyüş meydanında eşidib. Hərbi hissə komandiri Altayı yanına çağırıb, qardaşının şəhid olduğunu xəbər verib, dəfn üçün məzuniyyətə getməli olduğunu deyib. O, isə məzuniyyətə getməkdən imtina edib, qardaşının qisasını almayınca heç yerə getməyəcəyini söyləyib. Döyüşçü yoldaşlarının dediyinə görə Altay "qardaşımın qisasını alım, müharibədən sonra məzarını ziyarət edərəm"deyib.

Amma qardaşının ölümündən bir ay sonra - oktyabrın 30-da (həmin gün Altayın anasının ad günü imiş) Füzuli uğrundakı döyüşlərdə şəhid olub. Altay şəhid qardaşının məzarını ziyarətə deyil, ona əbədi olaraq qovuşmağa gəlib...

Altayın cibindən hərbi hissənin ona qardaşının yasında iştirak etmək üçün verdiyi 7 günlük buraxılış kağızı da tapılıb. Qeyd edək ki, Altayla Elgünün iki əmisi 1-ci Qarabağ müharibəsində şəhid olub, iki əmisi isə ağır yaralanıblar.

Şəhid qardaşların atası Tahir Mövlanov tək təsəllisinin övladlarının qanının yerdə qalmaması olduğunu deyib: “Balalarımın qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad olundu”.

Məşhur Çoban Xanışın bir Vətən uğrunda canını verən iki nəvəsi...


Şəhid qardaşların anası Sevda Novruzova virtualaz.org-a açıqlamasında deyib ki, kiçik oğlu Elgün döyüş zamanı ürəyindən qəlpə yarası alıb: “Qəlpə balamın ürəyinə, boyun sümüyünə dəyib. Xəstəxanaya aparanda qanaxmadan vəfat edib”.

Şəhid anası deyir ki, digər oğlu Altay Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmət edib: “Avqustun 26-da atası Altayı Beyləqana hərbi hissəyə apardı. Bir ay sonra isə dava başladı. Altay balam da qardaşından bir ay sonra şəhid oldu”.

Şəhid anası övladlarının adının əbədiləşdirilməsini istəyir: “Balalarım gənc yaşılarında şəhidlik zirvəsinə yüksəldilər. Onlarla fəxr edirəm. Çox istərdik ki, yaşadığımız küçəyə böyük oğlum Altayın adı verilsin. Lerikin aşağısında “Kəklik” deyilən yola isə Elgünün adının verilməsini istəyirik. Balalarım Vətən uğrunda şəhid olublar, qoy övladlarımın adları da əbədi yaşasın”.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz hər birimizin qürur yerimiz, fəxrimizdirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...