Azərbaycanın “qara siyahısı”na düşmüş ölkələr – Bakı onlarla əməkdaşlıq etməlidirmi?

Azərbaycanın “qara siyahısı”na düşmüş ölkələr –

İkinci Qarabağ müharibəsi dövründə açıq, yaxud gizli şəkildə Ermənistana dəstək verən ölkələr oldu. Prezident İlham Əliyev də xalqa müraciətlərində bir neçə dəfə mövzuya diqqət çəkərək, bu məqamların gələcək əməkdaşlıq məsələlərində nəzərə alınacağını bəyan etmişdi.

Maraqlıdır, beynəlxalq normalar çərçivəsində tamamilə haqsız Ermənistana dəstək göstərən, ermənilərə silah-sursat yardımı edən ölkələrlə Azərbaycanın bundan sonrakı münasibəti necə olacaq?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə ermənilərə dəstək olan dövlətlərlə Azərbaycanın əlaqələrinin inkişaf etməyəcəyini bildirib:

"Ermənistana müharibə dövründə silah-sursat vasitəsilə dəstək olan dövlətlər Azərbaycanla münasibətlərə xələl gətiriblər. Bundan sonrakı mərhələdə həmin dövlətlərin siyasəti dəyişməsə Azərbaycanla onların münasibətləri sual altında qalacaq. Düşünürəm ki, bizim onlarla əməkdaşlığımız bundan sonra real görünmür.

Həmin dövlətlər siyasətlərini köklü dəyişib bunu açıq bəyan etməlidirlər. Çünki ermənilərə müharibə zamanı dəstək beynəlxalq hüququn normalarının pozulması deməkdir. Onlar öz seçimlərini edib və düşünürəm ki, daha Azərbaycanla onların münasibəti inkişaf etməyəcək".

"Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə Ermənistana dəstək olan ölkələrlə əlaqələrin kəsilməsinin düzgün olmadığını bildirib:

"Müharibə dövründə bəzi dövlətərin Azərbaycanın haqq işinə qeyri-obyektiv yanaşmasını müşahidə etdik. Buna nümunə olaraq Fransanı göstərə bilərik ki, həm senatda, həm parlamentdə Azərbayycanla bağlı heç bir məntiqə uymayan, reallığı əks etdirməyən qərarlar çıxarıldı. Bundan başqa üstüörtülü şəkildə Ermənistanı silahla təchiz edən ölkələrdən biri də Rusiya idi.

Düşünmürəm ki, bu qəbildən olan ölkələrlə əlaqəni kəsməliyik. Qalib tərəf bizik, beynəlxalq hüquq bizim tərəfimizdədir və buna görə də beynəlxalq hüquq çərçivəsində həmin ölkələrlə sıx işləmək daha məqsədəuyğundur. Belədə Azərbaycanın haqlı mövqeyi daha çox dəstəkçi qazana bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...