Şəhidlərin adları necə əbədiləşdiriləcək... - Deputat təkliflərdən DANIŞDI

Şəhidlərin adları necə əbədiləşdiriləcək... -
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğurunda neçə-neçə qəhrəman oğullarımız canlarından keçiblər. Onların qanı bahasına 30 il işğalda altında olan rayonlarımız azad olundu. Biz bu azadlığı onlara borcluyuq. Şəhidlərimizin xatirəsini daim yaşatmalıyıq ki, gələcək nəsillər onları tanısınlar. Onların xatirəsini əbədiləşdirmək üçün Azərbaycanın bir çox yerlərində şəhidlərimizin adını daşıyan küçə və prospektlərə rast gəlmək mümkündür. Zaman-zaman bu ənənə davam etməkdədir. İkinci Qarabağ savaşında şəhid olan 2783 nəfər arasında işğaldan azad edilmiş ərazilərimizə üçrəngli bayrağımızı sancanlar, döyüşdə xüsusi rəşadət göstərən qəhrəman oğullarımız olub. Onların xatirəsini əbədiləşdirmək üçün işğaldan azad edilmiş torpaqlarımızdakı adsız küçələrə, məktəblərə və digər müəssisələrə şəhidlərimizin adının verilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Kamran Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş torpaqlarda küçələrə şəhid adlarının verilməsi ilə bağlı təkliflər var:

“Onlar qələbəmizin bir növ rəmzinə çeviriliblər. Hər birinin torpaqların azad olunmasında çox böyük əməyi olub. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi hər zaman dövlətin, cənab prezidentin diqqət mərkəzində olub. İstənilən halda vətən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin adları bir çox küçələrə, məktəblərə, digər obyektlərə verilib”.

K.Bayramov qeyd edib ki, İkinci Qarabağ savaşından sonra da onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı addımlar atılacaq. Çünki bu məsələ hər zaman diqqət mərkəzindədir:

“Bunun qanunvericilik tərəfi də var. Əslində bu məsələ bir neçə sənəd ilə tənzimlənir. Sizə xatırlatmaq istəyirəm ki, 1993-cü ildə “Şəhid adlarının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun qəbul olunub. Həmin qanunda da bu məsələ öz əksini tapıb. Yəni ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üşün adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə və digər obyektlərə verilməsi məsələsi qeyd qanunda olunub. Eyni zamanda, 1994-cü ildə də bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları təsdiq olunub. Həmin qaydalarda da şəhid adlarının verilməsi mexanizmi müəyyən olunub”.

Deputatın sözlərinə görə, məsələ həm Nazirlər Kabineti, həm də yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. İcra hakimiyyətlərinin əsasnaməsinə görə, prospekt, küçə, meydan, müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi onların səlahiyyətlərinə aiddir:

“Bu Milli Məclisdə müzakirə olunmayacaq. Çünki Milli Məclisin Qanunvericiliyin səlahiyyətlərinə aid deyil. Plenar iclasda belə bir təklif səsləndirilə, Milli Məclisinin deputatı öz təmsil etdiyi dairədə bu məsələni müzakirə edə bilər. Lakin onun reallaşdırılması və bu məsələnin qaldırılması Milli Məclisinin deputatlarının səlahiyyətində deyil. Sadəcə olaraq, təkliflər səsləndirilə bilər. Onlara baxılması və həyata keçirilməsi İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...