Azərbaycan öz ərazilərini Rusiyanın icazəsi ilə azad edib?

 Azərbaycan öz ərazilərini Rusiyanın icazəsi ilə azad edib?
Sosial mediada tez-tez paylaşılan bu iddia kifayət qədər zərərli və qüsurludur. Zərərlidir. Çünki, ruhumuzdakı kiçiklik, müstəmləkə olmaq, başqasının buyruğu ilə, icazəsi ilə hərəkət etmək duyğusunu canlı saxlamağa xidmət edir. Əsgərlərimizin şücaətini yox saymağa və ya kiçiltməyə, şəhidlərimizin ruhunu incitməyə hesablanıb.

Qüsurludur. Çünki, Azərbaycan öz ərazilərini əsgərinin şücaəti, yaxşı idarəetmə və uğurlu xarici siyasət, qardaş Türkiyənin Azərbaycanın arxasında durması (prezident İlham Əliyevin "F-16-lar yerdədir, kənardan aqressiya olarsa onlar səmada olacaq" ifadəsi) sayəsində azad edib. Heç kimə minnət borcu yoxdur.

Təbii ki, prosesdə Rusiyanın daha fəal (məhz daha fəal, çünki Rusiya passiv davranmayıb, Ermənistana yardım edib) iştirak etməməsinin səbəbləri olub. Rusiyanın çox fərqli regionlarda (Liviya, Suriya və Ukraynada "isti" münaqişələr, Gürcüstan, Moldova və Yaponiya ilə potensial problemlər və s.) və fərqli mövzularda (neft-təbii qaz qiymətlərinin aşağı düşməsi, Navalnı hadisəsi, ABŞ-dakı prezident seçkilərindən sonra qarşılaşa biləcəkləri və s.) eyni zamanda yaşadığı problemlər bu ölkəni nisbətən ehtiyatlı davranmağa məcbur edib.

Azərbaycan kənar dövlətlərin Rusiya və İrana qarşı planlarının bir parçası olmadı, buna müqavimət göstərdi. Əksi olsaydı, Azərbaycan öz ərazilərini işğaldan azad edərkən, İran və Rusiyanın daha kəskin müqaviməti ilə üzləşəcəkdi.

Azərbaycan Bakıdan (Brüsseldən ya da Vaşinqtondan deyil) idarə olunmağa üstünlük verməsəydi, Türkiyə Brüsselin, Vaşinqtonun ya da Təl-Əvivin göstərişləri ilə hərəkət etsəydi, yəqin ki, Rusiya və İran daha kəskin müqavimət göstərərdi. Yəni, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və Türkiyənin müstəqil xarici siyasət anlayışı Rusiyanın potensial narahatçılıqlarını bir qədər azaldıb. Digər tərəfdən Rusiya müharibədə tərəfsiz qalmayıb. Xatırlayaq: sadəcə 12 iyul - 12 avqust tarixləri arasında Rusiyadan Ermənistana 400 tondan artıq silah daşınması prezident İlham Əliyevin Putinə zəng vurmasına səbəb olmuşdu.

27 sentyabrda müharibənin başlamasından sonra Putin bir neçə dəfə açıq şəkildə bildirib ki, Ermənistan ilə müttəfiqlikdən qaynaqlanan hər şeyi edirlər.

Müharibə boyunca Ermənistanın silahlandırılması daha da güclənib. İlham Əliyev Ermənistandakı Rusiya hərbi bazalarından düşmən ölkəyə açıq şəkildə dəstək verildiyini bildirib. Müharibənin sonuna doğru bu dəstək daha da artıb və Ermənistana PUA əleyhinə yeni texnikalar verilib və s.

Rusiyanın Paşinyanı bəyənməməsi qismən önəmli amildir, həlledici deyil. Rusiya Qafqaz siyasətini hakimiyyətlərə görə deyil, strateji maraqlarına görə müəyyənləşdirir. Əksi olsaydı, 1991-1992-ci illərdə Rusiyanı sevməyən Ter-Petrosyanı deyil, Rusiyapərəst Ayaz Mütəllibovu müdafiə edərdi, Xocalı Soyqırımı olmazdı.

Yəni, Azərbaycan ərazilərini Rusiyanın icazəsi ya da iradəsi ilə azad etməyib, amma tamamən Rusiyaya rəğmən də azad etməyib. Siyasi olaraq Rusiyanı balanslaşdıraraq öz imkanları ilə azad edib. Rusiyanın balanslaşdırılması və bu ölkənin hərbi proseslərə gözləniləndən daha zəif müdaxilə etməsi nəticəyə ciddi təsir edib.

Digər tərəfdən proses yekunlaşmayıb. Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa etməyib. Rusiya sülhməramlıları da daxil olmaqla qeyri-müəyyənliklər və risklər çoxdur. Azərbaycan növbəti mərhələni də 44 günü idarə etdiyi kimi idarə edə bilsə, yekunda tam uğura sahib olacaq. Əks halda (daxili və xarici amillərlə bağlı zərərli ənənələrə geri qayıdılsa) Ermənistan revanşa hazırlaşacaq və bizim gözlədiyimiz kimi tarixi fürsəti gözləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...