Yardımlıda qazsızlıqdan əziyyət çəkən iki kənd sürətlə boşalır - REPORTAJ

Yardımlıda qazsızlıqdan əziyyət çəkən iki kənd sürətlə boşalır -

Yardımlının Dəlləkli və Ostayır kəndləri eyni taleyi bölüşür, hər ikisi şəhərə ən yaxın kəndlərdir. Bu amil dağlıq rayonun sakinləri üçün üstünlük sayıla bilər, amma hər iki kəndin yanacağa olan tələbatı tam ödənilmirsə, burada artıq üstünlükdən söhbət gedə bilməz.

APA TV-nin cənub bürosunun xəbərinə görə, adı açəkilən iki kənddə təxminən 300-ə yaxın ev qazlaşdırılmanı gözləyir.

Şəhərə bitişik olan Dəlləkli kəndində hazırda evlərin yarısı təbii yanacaqdan istifadə edə bilir: “Kəndimiz şəhərə bitişikdir, demək olar ki, şəhərin bir küçəsi adlanır. Amma buna baxmayaraq, kəndin yarısı qazlaşıb, yarısı qazlaşmayıb. Kəndin qazlaşmayan hissəsi ilə qazın axırıncı xətti arasında 400 metr məsafə var. Bizim kənd 20 Yanvar, Səməd Vurğun və Nərimanov küçələrinin kəsişməsində yerləşir. Yüksək qaz boru kəməri də Nərimanov küçəsində yerləşir. Hələ Yardımlı rayonuna ilk dəfə qaz çəkilən zaman 2006-cı ildə cənab Prezidentin tapşırığı oldu. İlk növbədə şəhər və şəhərətrafı kəndlər qazlaşmalıdır. Təəssüflər olsun, bizdən uzaqlıqda olan 15-25 km-lik kəndlər bütöv qazlaşıbdır. Lakin şəhərə bitişik olan kənd qazlaşdırılmayıb”.

Ostayır kənd sakini Vəli Nağıyevin sözlərinə görə, evləri ana xətdən cəmi 150 metr məsafədədir. Amma bu məsafəyə qaz çəkilməsi böyük bir problem halını alıb: “Yardımlı, Ostayır və Dəlləkli kəndləri üçü də birləşib bir-birinə. Yardımlının mərkəzindən bura qədər 1,5 km məsafədir. Bu 1,5-in 1 kilometrinə qaz çəkilibdir, ondan bu tərəfə neçə illərdir bizim camaat gözləyir ki, ana xətt keçəcək bu tərəfə. Keçmir ki, keçmir. Bizim evimiz ana xətdən cəmi 150 metr məsafədədir. Amma bu məsafəyə qaz çəkilməsi böyük bir problem halını alıb”.

Evinə qaz çəkilənlərdən fərqli olaraq, gözü yolda olanlar üçün mövsümün fərqi yoxdur, onları indidən qışda yaşayacaqları problemlərin dərdi götürüb. Dəlləkli kəndi ilə eyni çətinliyi bölüşən Ostayırda da təxminən eyni vəziyyətdir. Yardımlının ən böyük kəndinə qədər gələn qaz xətti evlərə gedib çıxa bilmir. Yanacağa olan tələbat qazlaşdırılmayan kəndin sakinlərini odundan istifadə etməyə məcbur edir. Odun üçün meşəyə üz tutan insan da ya təbiətə, ya da cərimələnib özünə ziyan vurur: “Bizim kəndin fikir versəniz, ətrafı tamam yaşıllıqdır, meşəlikdir. Amma biz bunu zorla saxlamışıq. Əgər biz lazım olan qədər ağaclardan yanacaq kimi istifadə etmiş olsaydıq, həm meşə qurtarardı, həm sular çəkilərdi. Su problemi daha da ağır olardı, xüsusən heyvanlar üçün. Uşaqlarımız, nəvələrimiz məktəbə səhər tezdən gedir. Yollar da yoxdur, palçıqlı yollardır. Yəni bir qədər tez getməlidir. Tez gedəndə bunun yeməyi-içməyi var, odunla hazırlanan yemək gec başa gəlir. Yəqin ki, qazımız olsa, uşaqlar da dərsə gecikməz, dərs şəraiti də yaxşılaşar”.

Dəlləkli kənd sakini Azad Zahirov deyir ki, bir ailəyə qışı çıxarmaq üçün 3 maşın odun lazım olur: “Bunun təndiri, çörək bişirməyi var isinmək üçün. Maşının da biri 250 manata verilir. 750 manat ildə oduna xərcləyirik. Əgər bizim qazımız olsa, həmin xərclərin heç 20%-ni qaza xərcləmərik. Ona görə də biz xahiş edirik Prezidentimizdən bir şəhid atası kimi, evdə indi çətinliyimiz odur ki, bizim kəndimiz qazlaşdırılsın”.

Ostayır kənd bələdiyyə sədri Telman Müzəffərov kənd camaatının haqlı narahatlığına son vermək üçün aidiyyəti qurumlara müraciət etdiklərini bildirdi: “2020-ci ildə dövlət investisiya proqramına daxil edilmişdi kəndin qazlaşdırılması, amma məlum səbəblərdən - pandemiya və Vətən Müharibəsi ilə əlaqədar olaraq müəyyən qədər təxirə salınıb. Biz camaat da anlayışla qarşıladıq, amma indi bizim tələbimiz odur ki, 2021-ci ilin dövlət proqramına, planlaşdırılmasına salınsın və qazlaşdırılsın”.

Həyat şəraitinə mənfi təsir edən bu kimi problemlər dağ kəndlərindən əhalinin köçü ilə nəticələnir. Kənd sakinləri, xüsusən də gənc ailələr şəraitsizlikdən yaxınlıqdakı şəhərə və ya başqa yerlərə üz tutmalı olurlar.

Ostayır kənd sakini Vəli Nağıyev deyir ki, qazın çəkilməməsi bizim kəndin demək olar ki, genofondunun məhv olmasına gətirib çıxarıbdır: “Təsəvvür edin, bizim kəndin məktəbində 90-cı illərin əvvəllərində 500-600 nəfər şagird oxuyurdu. İndi baxın, bu məktəbdə maksimum 140 nəfər şagird var. Camaatın burada məskunlaşmasına, bu gözəlliyi, təbiəti, mənzərəni, havanı, suyu qorumağa adam lazımdır. Bundan ötrü adamların burada məskunlaşmasını təmin eləmək lazımdır”.

Kəndin bələdiyyə sədri Telman Müzəffərovun sözlərinə görə, 200-dən yuxarı gənc ailə kəndi tərk edib: “Burada müəyyən infrastrukturun tam olmaması ucbatından, perspektivi gənclər görmədiyindən rəsmi deyirəm - 200-dən yuxarı gənc ailə kəndi tərk eləyib, şəhərə üz tutmalı olub. 500-dən yuxarı şagirdimiz olan məktəbimizdə indi 140-a yaxın şagird var. Eyni zamanda ekologiyaya böyük ziyanlar dəyə bilir ki, istər-istəməz qış mövsümü dağlıq rayonda sərt keçir, burada da yanacağa, istiliyə ehtiyac vardır. Eyni zamanda qiymətli ağacların, meşələrimizin də qırılmasının qarşısı alına bilər. Lazımi orqanlara müraciətlərimizi eləmişik - “Azəriqaz” olsun, yerli icra hakimiyyəti orqanlarına da. Müsbət qarşılanıb və ümidimiz budur ki, 2021-ci ildə bu qazlaşdırma başa çatacaq”.

Qaz probleminin həll olunması kəndlərdəki əhali sayının azalmasını dayandıra bilər. APA TV olaraq mövzunu diqqətdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...