Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək?

Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək?
“Ümumilikdə peyvənd vurdurmaq üçün əks göstəriş yoxdur. Xəstəliyi keçirib, qanında İgG formalaşanlar da peyvənd vurdura bilərlər. Yetər ki, xəstəliyin aktiv dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə belə peyvənd vurula bilər. Elmi olaraq bunun üçün heç bir əks göstəriş yoxdur”.

Bunu Modern.az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva əks göstəriş sertifikatının kimlərə veriləcəyilə bağlı danışarkən deyib.

N.Mustafayeva bildirib ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar:

“Əgər sistemdə son altı ay ərzində pozitiv nəticəsi qeydə alınan şəxs varsa, o, peyvənd üçün müraciət etdikdə sistemdə görünür. Həmin şəxslər bir müddət peyvəndə cəlb olunmurlar”. TƏBİB rəsmisi, həmçinin ölkəmizdə 18 yaşına qədər uşaqlara peyvəndin tövsiyə olunmadığını qeyd edib.

N.Mustafyevanın sözlərinə görə, hazırda COVID xəstəsi olanlara yalnız sağaldıqdan sonra peyvənd vurula bilər. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşəndən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.

Eyni zamanda, inaktiv peyvəndlərdə peyvənddən iki həftə sonra növbəti vaksin vurula bilər. Qrip, meninqokok, pnevmokok, hepatit A, B əleyhinə vaksin vurulanlar iki həftədən sonra koronavirusa qarşı peyvənd oluna bilərlər. Canlı peyvənd-suçiçəyi, vərəm əleyhinə vaksin vurduranlar isə bir aydan sonra koronavirusa qarşı peyvənd oluna bilərlər”.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova immun dipensant qəbul edən QİÇS-li, onkoloji xəstələrə, süd verən analara, hamilələrə, yaşı 18-dən aşağı olanlara COVID-19 vaksininin töviyə edilmədiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar yaradılacağını, peyvəndin əks göstəriş olduğu şəxslərin həmin komissiylarda yoxlanışdan keçəcəyini və yalnız bundan sonra vətəndaşlara əks göstəriş sertifikatı veriləcəyini anons etmişdi.

Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...