Polisi döyən deputat Hacı Talehin adamı ilə bir kamerada...

Polisi döyən deputat Hacı Talehin adamı ilə bir kamerada...
Artıq 10 gündür Milli Məclisin deputatı Eldəniz Səlimov həbsdədir. O, Bakı İstintaq Təcridxanasında 8 nəfərlik kamerada saxlanılır. Onunla eyni kamerada olanlardan biri 20 il həbs cəzasına məhkum edilən Taleh Bağırzadənin sədri olduğu “Müsəlman Birliyi” hərəkatının üzvü Razi Hümbətovdur.

Modern.az-ın məlumatına görə, Razi Hümbətov bu ilin iyul ayının 7-də saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürüb və Baş Prokurorluq vasitəsi ilə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müracət edib.

İyulun 8-də Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib. İttihama görə, onun üzərindən satış məqsədi ilə daşıdığı 66,132 qram tiryək götürülüb.

R.Hümbətov ittihamla razılaşmayıb və narkotikin ona aidiyyəti olmadığını bildirib.

Onunla eyni kamerada cəza çəkən E.Səlimov isə avqustun 3-dən həbsdədir.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...