"Omikron" sürətlə yayılır, vaksinlər effekt vermir - müalicə üsulu dəyişəcəkmi...

"Omikron" sürətlə yayılır, vaksinlər effekt vermir -

Koronavirusun vitaminlərlə müalicəsinə həkimlərdən fərqli rəylər; “Müalicədə istifadə olunan dərmanların sayının az, effektinin isə çox olmasına, xüsusilə spesifik terapiyanın vaxtında və düzgün seçilməsinə diqqət olunmalıdır”

Koronavirusun “Omikron” ştammı artıq 40 ölkədə və ABŞ-ın 50 ştatından 16-da aşkar olunub. Lakin ABŞ hökumətinin yüksək səviyyəli səhiyyə rəsmiləri bazar günü deyib ki, onlar bu variantın ona yoluxan insanların sağlamlıqlarına təsirlərinin şiddətindən əmin deyillər.

“Belə görünür ki, onun şiddəti yüksək deyil” - ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti Dr. Antoni Fauçi CNN-də “State of the Union” verilişində bildirib. Lakin o deyib ki, hər hansı bir qərar vermədən bir az gözləməliyik.

Azərbaycanda koronavirusa yoluxanların sayında vəziyyət stabildir. Son statistikaya görə, ölkəmizdə COVİD-19 infeksiyasına 1394 yeni yoluxma faktı qeydə alınıb, 1791 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Yeri gəlmişkən, Lomonosov adına Moskva Dövlət Universitetinin Tibb Mərkəzinin direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Simon Matskeplişvili koronavirus infeksiyası olan xəstələrin müalicəsində təhlükəli səhvi açıqlayıb. O, koronavirusu müalicə edərkən həkimlərin bir çoxunun orqanizmi həddindən artıq vitaminlərlə “yüklədiyini” bildirib: “Belə immunosupressiv terapiya bədənin təbii immun reaksiyalarını boğur və gələcək perspektivdə orqanizmi viruslara qarşı daha da zəiflədir”.

Ümumiyyətlə, bəzi ekspertlər “Delta” ştammı aşkar olunandan sonra müalicə üsulunun dəyişdirildiyini bildiriblər. Hətta el arasında “sistemlə” - venadaxili vurulan vitaminlərin artıq effekt vermədiyini, bunun, əksinə, ziyan verdiyini bildirirlər. Bu gün aparılan müalicə ilə əvvəlki müalicələr arasında çoxmu fərq var? Vitaminlər rusiyalı mütəxəssisin dediyi kimi, zərərlidirmi? Deyilirdi ki, “Delta” ştammında fərqli müalicə tətbiq edilir. Bəs “Omikron” variantı üçün hansı müalicə üsulu seçilib, bu açıqlanıbmı?

Yeri gəlmişkən, ilkin məlumatlara görə, “Omikron” ştammında əsas müşahidə olunan əlamətlər hədsiz dərəcədə süstlük, halsızlıq və şiddətli baş ağrılarıdır. COVİD-19-un digər ştammlarında müşahidə olunan dadbilmə və qoxu bilmənin itməsi, şiddətli sümük ağrıları, temperatur yüksəlməsi “Omikron” ştammı üçün o qədər də xarakterik deyil. Digər ştammlarla müqayisədə yeni ştamma yoluxma zamanı oksigenin düşmədiyi də deyilir.

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Koronavirusun ”Omikron" ştammı artıq 40 ölkədə aşkar olunub. Ümumdünya Səhiyyə Təşkilatı bunu bildirdi, baxmayaraq ki, noyabrın sonlarında - bir neçə gün öncə Cənubi Afrika aşkar olmuşdu. Göründüyü kimi, çox sürətlə yayılır. Amma bu virusun müalicəsi əvvəlki ştammlarda olduğu kimi eyni qaydada aparılır. “Delta” ştammı ilə də eynidir. Amma vaksinin təsirinin azaldığı bildirilir. Vaksinin təsiri nəzəri cəhətdən azaldığı bildirilir. Çünki vaksin spayk proteininə görə hazırlanıb. Spayk proteinində isə çox böyük mutasiya baş verib. O ki qaldı vitaminlərin xəstələrə verilməsi məsələsinə, həddən artıq vitaminlə yükləmək nəyə deyilir? B qrupu vitamin orqanizmdə halsızlığı aradan qaldırır və orqanizmi bir az qüvvətləndirmək üçündür. D vitamininin xəstələrə verilməsi mütləq göstərişdir, D vitamini bizim əhalidə normadan çox aşağıdır. Həm də artıq məlumdur ki, tək koronavirusda deyil, digər virus infeksiyalarında, hətta “Hepatit”lərdə də D vitamini çatışmazlığı olarsa, xəstəlik ağır gedir. Buna görə mütləq D vitamininin verilməsi lazımdır. B qrup vitamini gündə bir dəfə verilir və D vitamini verilir. C vitamini isə həm təbii anti-oksidantdır, həm də orqanizmin immun sistemini yaxşılaşdıran ən effektiv vitaminlərdən hesab olunur. Biz öz praktikamızda belə istifadə edirik, çox yaxşı da effekt verir. Hətta evdə saturasiyası 80-ə qədər düşən xəstələr olur ki, onları bu vəziyyətdən çıxarırıq. Orqanizmə kömək etmək lazımdır. Çünki koronavirusa qarşı hələ ki dərman yoxdur. Dərman çıxıb, amma bizdə yoxdur. Bəlkə kimsə həddindən artıq vitaminlə orqanizmi yükləyir, o başqa məsələ. Gündəlik vitamin müalicəsi immun sistemini yaxşılaşdırmaq, halsızlığı götürmək, xəstələrin vəziyyətini yaxşılaşdırmaq üçün sistem şəklində verilir. Niyə sistem şəklində? Çünki sistem şəklində onun bioyararlılığı yüksək olur, effektivliyi artır. Bir də sistemdə maye var, maye də orqanizmə çox müsbət təsir göstərir, xəstələrdə, xüsusilə hərarəti olan pasiyentlərdə maye itkisi olur və bu zaman xəstə su da içə bilmir. Bunun qarşısını almaq üçün vitaminlər mütləq sistem şəklində verilir".

Həkim-infeksionist Nicat Əzimli isə koronavirusun müalicəsində vitaminlərin xüsusi effektinin olmadığını bildirdi: “Buna görə də istənilən yolla bədəni geniş vitamin spektri ilə bəsləməyin heç bir məntiqi yoxdur. Vitaminlərin immunsupressiv vəziyyət yaratdığı ifadəsi isə doğru deyil. Sadəcə olaraq, artıq doza vitaminlərin də öz müxtəlif fəsadlarının olması qeyd olunmalıdır. Müalicədə istifadə olunan dərmanların sayının az, effektinin isə çox olmasına, xüsusilə spesifik terapiyanın vaxtında və düzgün seçilməsinə diqqət olunmalıdır. Hansı ki, burada anti-viral preparatlardan söhbət gedir. Hazırda Azərbaycanda geniş tətbiq olunan favipiravir, arbidol kimi dərmanların effektinin olmaması çoxdan artıq öz təsdiqini tapıb. Bu sahədə yeni preparatların axtarışı dünyada davam etməkdədir. Bu yaxınlarda artıq dünyanın bir çox ölkəsi molnupiravir adlı preparatın istehsalına başlamaq qərarını verib. Halbuki vaxtında tətbiq olunarsa, virus infeksiyasından ağırlaşmaları 50% azaldan dərmandan söhbət gedir. Bu cür və bundan daha effektiv dərmanların istifadəyə verilməsinə hazırda xeyli ehtiyac var”.

Yeri gəlmişkən, qəzetimizə 3-cü dozanın vurulması ilə bağlı vətəndaşlar tərəfindən müxtəlif suallar verilir. Vüsalə Hüseynova adlı oxucumuzu narahat edən isə iş yerindən 3-cü doza vaksinin tələb olunmasıdır: “İki doza vaksin olunmuşam. 10 gün idi ki, xəstəxanada idim, koronovirusdan müalicə aldım, amma TƏBİB-dən qeydiyyatdan keçməmişəm. Vəziyyətim ağırlaşdığı üçün xəstəxanaya yerləşdirildim. Amma iş yerindən 3-cü doza vaksin olunmağımı istəyirlər. Bilmək istərdim, mən yenidən koronovirus xəstəsi kimi qeydiyyata düşə bilərəmmi? Bununla bağlı nə edə bilərəm?”
Oxucunun müraciəti ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış “Yeni Müsavat”a cavab verib. O bildirib ki, vətəndaşın rəsmi qeydiyyatı yoxdursa, onu yenidən sistemə daxil etmək mümkün deyil: “İş yerində xəstələnib, sağaldığını bildirməlidir”.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 27 339 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 593 278 təşkil edir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 011 169 təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...