Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

Azərbaycan su təsərrüfatı sahəsində əməkdaşlıq haqqında İsrailin “Mekorot” dövlət şirkəti ilə, həmçinin gömrük vergi məlumatları sistemlərinin yenilənməsi sahəsində yeni müqavilələr imzalayacaq.

“Report” İsrailin Turizm Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, imzalanma mərasimi İsrailin turizm naziri və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozovun Bakıya başlamış səfəri çərçivəsində keçiriləcək.

Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri və hökumətlərarası komissiyanın rəhbəri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, turizm şirkətlərinin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Görüşlərdə xarici siyasət, iqtisadiyyat, səhiyyə, enerji resursları, turizm, rabitə, ətraf mühitin mühafizəsi, elm və kənd təsərrüfatı məsələləri müzakirə olunacaq.

Aprelin 7-də İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu hadisənin şərəfinə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin turizm naziri Konstantin Razvozov iştirak edəcəklər.

Xatırladaq ki,ötən il İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılıb. Azərbaycan turizm, kənd təsərrüfatı, kibertəhlükəsizlik, təhsil, su resursları və səhiyyə sahəsində İsraillə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycan və İsrail arasında 2019-cu ildə ticarət dövriyyəsi ən yüksək həddə çataraq, 1,375 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən azalmış ticarət dövriyyəsi 2021-ci ilin yekunlarına görə 2 dəfə artaraq, 928,4 milyon ABŞ dolları həddinə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...