Pullar kəsilir, miqrant ordusu Azərbaycana dönür

Pullar kəsilir, miqrant ordusu


Bu il Rusiyada işləyənlər ailələrinə cəmi 272 milyon dollar göndərib

Akif Nəsirli: «Hökumət nə pulları kəsilənləri saxlamaq, nə də geri dönənlərə şərait yaratmaq üçün addım atır»


Rusiyadakı iqtisadi böhran nəticəsində MDB respublikalarından bu ölkəyə qazanc dalınca gedənlərin vətənlərinə göndərdikləri pulların həcmi kəskin azalıb. (Virtualaz.org) Rusiya Mərkəzi Bankının yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində azərbaycanlı əmək miqrantlarının Azərbaycandakı yaxınlarına göndərdikləri pulların məbləği cəmi 272 milyon dollar təşkil edib.
Ötən il isə bu məbləğ 456 milyon dollar idi. Bu, sürətli pul köçürmələri əsasında qeydə alınmış statistikadır.
Məlumata görə, Özbəkistan vətəndaşlarının Rusiyadan vətənlərinə göndərdikləri pul 2 milyard 6 milyon dollar olub. Ötən il bu məbləğ 4 milyard dollardan çox idi.

Taciklər isə Rusiyadan vətənlərinə 1.24 milyard dollar göndəriblər. Ötən il bu rəqəm 2.37 milyard dollar olub. Ümumiyyətlə, ilin əvvəlindən müşahidə edilən bu azalmanın baş verəcəyi öncədən bəlli idi. Bunun əsas səbəblərindən biri sanksiyalardan sonra ölkənin iqtisadi durumunun ağırlaşmasıdır. Rusiyada iş yerləri sürətlə bağlanır, əhalinin gəlirləri azalır. Şimal qonşumuzdan MDB, o cümlədən Azərbaycana daxil olan gəlirlərin aşağı düşməsinə digər səbəblərindən biri də Rusiyanın Avropa ölkələrinə qoyduğu qadağalardır. Orada yaşayan soydaşlarımız isə vaxtı ilə qadağa qoyulan dövlətlərlə ticarət əlaqələri qurmuşdular. Həmin məhsulların Rusiya bazarında pərakəndə satışı ilə məşğul olurdular. Bu ölkələrlə Moskvanın münasibətləri gərginləşdikcə, təbii ki, həmyerlilərimizin də gəlirləri azalıb. Gəlirləri azaldığına görə ailələrinə göndərdikləri vəsaitləri ixtisar etməli olublar.

Başqa səbəblərdən biri də Rusiya hökumətinin ölkədən kapital axınına qoyduğu məhdudiyyətlərdir. Belə ki, ötən ilin oktyabr ayından etibarən Rusiya Mərkəzi Bankı bankların xaricə köçürdüyü bir çox pul əməliyyatlarına, xüsusilə offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə ölkədən kənara maliyyə köçürmələrinə qadağa tətbiq edib. Bununla Moskva ölkədən kapital axınının qarşısını almağa çalışır.

Azərbaycanda əhalinin əsas gəlir mənbələrindən birini təşkil edən Rusiyadan qazanılan vəsaitlərin azalması regionlarda sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub. İqtisadçı-ekspert Akif Nəsirli “Bizim Yol”a şərhində bildirdi ki, Azərbaycanda çoxlu sayda ailələrin, xüsusilə, regionlarda yaşayanların Rusiyadan gələn vəsaitlərdən asılılığı var. “Elə ailələr var ki, tam olaraq bu ölkə hesabına dolanır. Yəni ailə başçısı Rusiyada işləyib, Azərbaycana pul göndərir. İndi vəsaitlərin azalması həmin ailələrə birbaşa təsir göstərir. Həmin pullar onların sosial vəziyyətinin yaxşılaşmasına ciddi dəstək olurdu. Eyni zamanda daxili bazarda da canlanma yaradırdı. Gələn gəlirlərin azalması daxili bazardakı canlanmanı zəiflədəcək. Bu isə regionlarda sosial gərginliyin artması ilə müşahidə oluna bilər”.

Ekspertə görə, vəsaitlərin azalması onu deməyə əsas verir ki, miqrant kimi gedən soydaşlarımızın iş fəaliyyətində problem yaranıb: “Hətta ölkəyə geri dönən miqrantların sayı xeylidir. Bundan əlavə, Azərbaycana əlavə işçi qüvvəsi qayıdır.
Bu, Azərbaycanın sosial-iqtisadi həyatına ciddi təsir edən amillərdən biridir. Azərbaycanda əhalinin sosial vəziyyətinin pisləşməsini bir tərəfdən də bu amil stimullaşdırır”.

A.Nəsirli Rusiyadan geri dönən miqrantları, “kəsilən” vəsaitləri Azərbaycan iqtisadiyyatının qarşılamağa hazır olmadığını deyir: “Azərbaycan hökumətinin iqtisadi siyasəti, nəinki Rusiyadan gələn vəsaitlərdən itkilərin qarşılanması, öz vətəndaşlarının gəlirlərinin azalmaması üçün real addımlar atmır. Gələn ilin dövlət büdcəsinin sosial xərclərinə baxdıqda, hər hansı bir artım görmürük. Hökumət büdcədə neftin baza qiymətini 50 dollar/bareldən götürüb. İndi də “qara qızıl”ın dəyəri 40 dollardan aşağıdır. İran hələ dünya bazarında neft ixrac etmir. Birjalardakı azalmalar psixoloji təsirlərdir. Artıq yanvar ayından İran bazara neft çıxaracaq. Bundan sonra psixoloji təzyiqləri iqtisadi təzyiqlər əvəz edəcək. Hətta beynəlxalq təşkilatlarda çalışan analitiklər neftin qiymətinin 20 dollara qədər düşə biləcəyini proqnozlaşdırırlar. Hər barel neftdə hökumət büdcənin maliyyələşdirilməsində 30 dollar itirəcək. Bu isə büdcənin böyük bir hissəsinin icra edilməməsi ilə nəticələnəcək. Yəqin ki, sosial maliyyləşmədə çox ciddi problemlər yaranacaq. Azərbaycan hökumətinin isə başqa bir rıçağı yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...