Əsgər Ağazadənin məhkəməsi 5-ci dəfə təxirə salındı

Əsgər Ağazadənin məhkəməsi 5-ci dəfə təxirə salındı
İctimai fəal Sənay Yağmura qarşı cinsi təcavüzdə ittiham olunan xalası oğlu Əsgər Ağazadənin məhkəməsinin başa çatması və yekun hökmün elan olunması üçün bir mərhələ qalıb - təqsirləndirilən şəxsin son sözünü deməsi. Artıq çıxışlar mərhələsi yekunlaşıb - prokuror Əsgər Ağazadəyə 7 il həbs cəzası istəyib. İstər zərərçəkmişin nümayəndəsi - anası Zümrüd Yağmur və vəkili Zibeydə Sadıqova, istərsə də təqsirləndirilən şəxsin özünün üç müdafiəçisi çıxış ediblər.
Yeniavaz.com Meydan TV-yə xəbər verir ki, sentyabrın 2-də hakim Novruz Kərimovun sədrliyilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclası növbəti dəfə baş tutmayıb.
Məlum olub ki, təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmədə iştirak etmir. Üstəlik, Əsgər Ağazadə özü də səhhətində problemlər olduğunu söyləyib. Bu əsasla da məhkəmə prosesi sentyabrın 9-na qədər təxirə salınıb.
Zərərçəkmişin nümayəndəsi Zümrüd Yağmur məhkəmə prosesinin məqsədli şəkildə uzadıldığını deyir. Hesab edir ki, bu cür üsullarla onun səbrini tükəndirməyə çalışırlar.
Sentyabrın 2-də Abşeron rayon Məhkəməsində Zümrüd Yağmurun özünün də məhkəməsi keçirilib. Onu bacısı - təqsirləndirilən Əsgər Ağazadənin anası Sürəyya Ağayeva məhkəməyə verib.
Xatırladaq ki, daha əvvəl Əsgər Ağazadənin məhkəməsinin dördüncü dəfə təxirə salınması ilə bağlı xəbər vermişdik.
Qeyd edək ki, Sənay Yağmura qarşı təcavüz ittihamıyla cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur. O, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu söyləyir. Əsgər Ağazadə məhkəmədə verdiyi ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib. Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edib ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.
Zərəçəkmişin anası Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. O, Əsgər Ağazadənin məsuliyyətdən yayınmaq üçün yalan danışdığını düşünür. Zümrüd Yağmur təqsirləndirilən şəxsə istənilən cəzadan da narazı qalıb. O hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır.
Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə uzun müddət məsuliyyətə cəlb edilməyib. Təxminən bir il sonra məsələ ictimailəşib və işi Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...