“Azərbaycan xalqının iki yerə bölünməsi probleminin həll olunması ərəfəsindəyik” - İSRAİLDƏN ŞƏRH

“Azərbaycan xalqının iki yerə bölünməsi probleminin həll olunması ərəfəsindəyik” -

“Mən Azərbaycanın azı son iyirmi ildə regionda apardığı əsas siyasəti tərifləmək istəyirəm. Çox çətin geosiyasi vəziyyətdə olan ölkəniz güc mərkəzləri arasında məharətlə manevr edir, hamı ilə Azərbaycanın maraqları əsasında münasibətlər qurur”.

Bu barədə tanınmış israilli hərbi analitik Qriqori Tamar bölgədəki vəziyyəti Oxu.Az-a şərh edərkən deyib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirib, orduda genişmiqyaslı islahatlar həyata keçirib.

“Söhbət təkcə sizin bir sıra ölkələrdən, o cümlədən İsraildən müasir silahlar almağınızdan getmir. Bakı keçmişdə mövcud olan bir sıra “xəstəlik”ləri aradan qaldıraraq, öz ordusunu səmərəli şəkildə yenidən qurdu. Qərbli tərəfdaşlarınızdan müasir taktiki döyüş üsullarını mənimsəyə bildiyinizi iki il əvvəlki hərbi kampaniyanın nəticələrindən müşahidə etdim. Sizin erməni opponentlərinizin problemi ondan ibarət idi ki, onlar hələ də sovet döyüş doktrinasından istifadə edirdilər. Belə alındı ki, iki - müasir və köhnəlmiş - hərbi məktəb toqquşdu. Nəticə əvvəlcədən bəlli idi.

İrana gəlincə, biz sizinlə imperiya dövrünün sona çatdığı bir zamanda yaşayırıq. İran isə özlüyündə elə bir imperiyadır. Bu dövlət İran daxilində azadlıq və bərabərlik verilməyən bir çox etnik qrupdan ibarət yamaqlı adyaldır. Elə ölkələr var ki, orada milli siyasət balanslaşdırılır, amma onlara əks olan nümunələr də var ki, onlardan biri də milli azlıqların sıxışdırıldığı İrandır. İrandakı azərbaycanlılar isə heç də azlıq deyil. Azərbaycanlıların maraqlarının nəzərə alınmaması İran hökumətinin öz ölkəsinin daxili siyasətinə uzaqgörən olmayan və primitiv yanaşmasını göstərir.

Ayətullahlar şahı devirəndə inqilabın əsas simvolları “dini təmizlik”, korrupsiya ilə mübarizə və Qərblə qarşıdurma idi. Onlar sosial quruluşun dəyişdirilməsinə korrupsiyaya qarşı mübarizə ilə haqq qazandırırdılar. Bu gün isə əhalini buna inandırmaq çətindir, çünki İranda həyat səviyyəsi ən azı onların perspektivdə yaşaya biləcəkləri ilə müqayisədə çox aşağıdır.

Sonra “dini təmizlik” amili gəlir. Əhalisinin böyük qisminin islam dinini qəbul etdiyi Azərbaycan nümunəsi var. Lakin Azərbaycanda din kütlələrə təsir vasitəsi deyil. İranda isə bunun əksidir. İslam İnqilabı Keşikçiləri Korpusu və qondarma “əxlaq polisi” İran xalqlarına xas olmayan və onların qədim mədəni ənənələri ilə üst-üstə düşməyən davranış normaları tətbiq edərək, öz xalqına qarşı terror törədir. Nəticədə iki aydan artıqdır ki, bu imperiyanı silkələyən etirazları görürük. Hesab edirəm ki, İrandakı gərginlik, millətlərarası vəziyyət də daxil olmaqla, dövlətçilik böhranıdır. İran əhalisinin üçdə birindən çoxunu etnik azərbaycanlılar təşkil edir və mən hesab edirəm ki, orta müddətli perspektivdə ayətullah rejimi məhvə məhkumdur, o, özünü ideoloji, iqtisadi və etnik cəhətdən tükəndirib. Ona görə də 19-cu əsrdə ortaya çıxan problem - Azərbaycan xalqının iki yerə bölünməsinin həlli ərəfəsində olmağımız tamamilə mümkündür”, - deyə o bildirib.

Tamar Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı da danışıb:

“Hərtərəfli cavab verməyə çalışacağam. Fakt budur ki, SSRİ-nin dağılmasından sonra müstəqil dövlətə çevrilən Azərbaycan regionun bütün dövlətlərinə qarşı həmişə inanılmaz xeyirxah siyasət aparıb.

Azərbaycan istənilən əməkdaşlığa açıq olub və bu, İsraildə cavab tapmaya bilməzdi. Bizi açıq və qarşılıqlı faydalı əməkdaşlığa dəvət etdikdə, həqiqətən, bunu yüksək qiymətləndiririk. İsraillə Azərbaycanın ümumi sərhədi yoxdur, amma biz dünyanın eyni bölgəsindəyik, Yaxın Şərqdə çox sıxlıqdır (gülür). Bütün bu illər ərzində Azərbaycan ilə İsrail arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Aramızda hərbi sahədə əməkdaşlıq 2000-ci illərdən, Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə başlanılan vaxtdan intensivləşib. Qarşılıqlı genişmiqyaslı birgə fəaliyyətimiz çox məhsuldar olub və belə də davam edir.

Azərbaycanın geosiyasi çəkisi son vaxtlar, həm də əvvəllər haqqında danışdığımız hərbi qələbə sayəsində kəskin şəkildə artıb. Eyni zamanda vacib olan - Rusiyanın çəkisinin də azalmağıdır.

Azərbaycan özünün hərbi-iqtisadi gücünü hiss edir və hesab edirdi ki, özünü “böyük qardaş”, “güclü qonşu” kimi göstərməyə çalışan dövlətlərə baxmadan öz milli maraqlarına cavab verən siyasət apara bilər. İsraillə mehriban qonşuluq münasibətləri Azərbaycanın inkişaf vektoruna daxildir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...